Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 13-dən 15-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə nazirini Buxarestin “Baneasa” beynəlxalq hava limanında Rumıniya Milli Müdafiə nazirinin birinci müavini Adriano Raçu, müavini Boqdan Sqarsitu, Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Təhsin Cəmil və digər rəsmi şəxslər qarşılamışlar.
Rumıniyanın Milli Müdafiə Nazirliyində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin təntənəli qarşılanma mərasimi keçirilmişdir.
Sonra Baş nazirin müavini, Dövlət Naziri – Rumıniyanın Milli Müdafiə naziri cənab Viktor Babiuk Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür. Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda və Balkanlarda mövcud olan hərbi-siyasi vəziyyəti, milli mənafe baxımından əhəmiyyət kəsb edən ikitərəfli və regional məsələləri müzakirə etmişlər.
Görüşün sonunda Rumıniya və Azərbaycan Respublikası arasında Bakıda 1996-cı il martın 17-də imzalanmış “Dostluq münasibətləri və əməkdaşlıq haqqında” Müqavilə əsasında Rumıniyanın Milli Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında Saziş imzalanmışdır.
Sazişi Rumıniya tərəfdən Baş nazirin müavini, Dövlət Naziri – Rumıniya Milli Müdafiə naziri cənab Viktor Babiuk, Azərbaycan tərəfdən Müdafiə naziri general-polkovnik Səfər Əbiyev imzalamışdır.
Saziş hərbi təhsil və kadrların hazırlanması, qoşunların təlimi, qarşılıqlı maraq üzrə elmi tədbirlər, müdafiə-sənayesi, hərbi-iqtisadi, hərbi-texniki və hərbi-elmi fəaliyyət, hərbi-qanunvericilik və hüquqi yardım, hərbi təbabət, orduda ictimai və mədəni-idman işi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tədbirlərdə iştirak etmək üçün birgə fəaliyyət və digər sahələrdə hərbi əməkdaşlığı nəzərdə tutur.
Qərara alınmışdır ki, qarşıdan gələn hər il üçün birgə iş planı tərtib və təsdiq edilsin. Bu ilin sentyabr ayında Rumıniya Silahlı Qüvvələrinin mütəxəssislərdən ibarət ekspertlər qrupu Bakıya gələcəkdir. Saziş imzalandıqdan sonra kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilmişdir.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Xarici İşlər Nazirinin birinci müavini - Dövlət Katibi İon Pasku və Baş nazirin müavini – Dövlət naziri Valeriu Stoika ilə görüşlər keçirmişdir. Hər iki görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndə heyətinin bu səfəri Rumıniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmişdir.
Səfərin sonuncu günü Rumıniya Milli Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, Ordu-korpus generalı Konstantın Deqeratu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ilə görüşmüşdür. Görüş zamanı hər iki dövlətin NATO-ya və Avro-Atlantika Təhlükəsizlik strukturlarına inteqrasiyasının zəruriliyi qeyd edilmiş, Rumıniya və Azərbaycan Respublikasının Müdafiə Nazirlikləri arasında əməkdaşlıq haqqında imzalanmış Sazişin hər iki xalqın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağı xüsusilə vurğulanmışdır.
Səfər zamanı Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Təhsin Cəmil müşayiət etmişdir.
Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 15-də axşam Vətənə qayıtmışdır.