İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercanı və Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Müqavilələr şöbəsinin rəisi polkovnik Behçət Çəliyi qəbul etmişdir.
Müdafiə naziri Türkiyə Respublikası Silahlı Qüvvələri taburunun tərkibində Kosovoya gedəcək Azərbaycan Silahlı Qüvvələri tağımın hazırlıq dövrünün başa çatdığını bildirmişdir.
General-mayor Sadıq Ercan Azərbaycan tağımının Kosovoda sülhməramlı əməliyyatlarda iştirakını Azərbaycan Silahlı Qüvvələrinin böyük addımı adlandırmış və onun beynəlxalq aləmdə nüfuzunun artdığını söyləmişdir.
Sonra Azərbaycan Respublikası höküməti ilə Türkiyə Respublikası hökuməti arasında “Kosova Türk taburu Görəv Küvveti tərkibində Kosovaya gedəcək Azərbaycan tağımının fəaliyyətinə dair Saziş” imzalanmışdır.
Sazişi Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov, Türkiyə tərəfdən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan imzalamışlar.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev iştirak etmişdir.