Dekabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının Planlaşdırma və Hərbi Siyasət Departamentinin rəisi general-mayor Çarlz Simpsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir qonaqları salamladıqdan sonra Azərbaycan-ABŞ hərbi əməkdaşlığının yüksələn xəttlə inkişaf etdiyini qeyd etmiş, bu əməkdaşlığın əsasının isə 1997-ci il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti H.Əliyev və ABŞ-ın Müdafiə naziri Uilyam S.Koenin əməkdaşlıq haqqında birgə Bəyannaməsi ilə qoyulduğunu söyləmişdir.
O, iki dövlət arasında hərbi əməkdaşlığın ən yaxın zamanda hərtərəfli xarakter alacağına ümidvar olduğunu bildirmişdir.
Qəbul üçün nazirə təşəkkür edən qonaq regiona və Azərbaycana səfərinin məqsədini açıqlayaraq demişdir ki, bizim məqsədimiz Cənubi Qafqaz bölgəsində mövcud olan problemləri və aspektləri aydınlaşdırmaq, region dövlətlərinin hərbi əməkdaşlığa nə dərəcədə cəlb olunmalarını proqnozlaşdırmaqdır.
General-polkovnik S.Əbiyev nümayəndə heyətinin üzvləri ilə Cənubi Qafqaz regionunda hazırkı hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri üzərində ətraflı dayanmışdır.
Görüşün sonunda Azərbaycan Respublikası və ABŞ arasında 2001-ci il üçün hərbi əlaqələr proqramı imzalanmışdır. Proqramı Azərbaycan Respublikası tərəfindən Müdafiə nazirinin müavini polkovnik Məmməd Beydullayev və ABŞ tərəfindən general-mayor C.Simpson imzalamışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson iştirak etmişdir.