Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də MDB Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.
İclasa Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev sədrlik etmişdir.
İclasın gündəliyində olan "Cənub sipəri - 2001" birgə komanda-qərargah təlimləri, "2005-ci ilə qədər hərbi əməkdaşlığın perspektiv planı"nın layihəsi, Hərbi Əməkdaşlığı Əlaqələndirmə Qərargahının (HƏƏQ) yaradılmasının 10 illiyinə həsr edilmiş Silahlı Qüvvələrin spartakiadasının keçirilməsi, Qərargah yanında Hərbi-elmi Şuranın yaradılması, 2000-ci ildə Hərbi Əməkdaşlığı Əlaqələndirmə Qərargahı işçi orqanlarının fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilmişdir.
Qərara alınmışdır ki, MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası 2001-ci ilin mayında Kiyev şəhərində keçirilsin.
Sonra iclas iştirakçıları kütləvi informasiya vasitələri üçün məlumat yaymışlar.
Nümayəndə heyəti dekabrın 21-də axşam Bakıya qayıtmışdır.