Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev dekabrın 25-i və 26-da Bakıda rəsmi səfərdə olmuşdur.
Binə beynəlxalq hava limanında Rusiya Federasiyasının Müdafiə nazirini Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər qarşılamışlar.
Dekabrın 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin önündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri qarovulu düzülmüşdür. Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyasının Müdafiə nazirini qarşıladıqdan sonra hər iki ölkənin dövlət himnləri ifa olunmuşdur. Marşal İ.Sergeyev Fəxri qarovulun önündən keçərək onu salamlamışdır.
Təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri marşal İ.Sergeyevi və nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri qonaqları salamlayaraq  bildirmişdir ki, Şimali Qafqazdakı mürəkkəb hərbi-siyasi vəziyyət, Rusiya  Federasiyasının Azərbaycanla münaqişədə olan Ermənistan Respublikasını birtərəfli şəkildə silahlandırması və Gürcüstandan çıxarılan zirehli texnikanın bir hissəsinin Ermənistana ötürülməsi Azərbaycan tərəfini qayğılandırır.
Rusiya Federasiyasının Müdafiə naziri marşal İ.Sergeyev cavab nitqi söyləyərək bildirmişdir ki, Rusiya Federasiyasının Ermənistan Respublikasının  ərazisindəki hərbi bazalarının fəaliyyəti Azərbaycana qarşı yönəldilməmişdir.
Tərəflər razılığa gəlmişlər ki, Rusiya Federasiyası Müdafiə nazirinin Bakıya  rəsmi səfəri iki dövlətin güc nazirliklərinin əməkdaşlığına təkan verəcəkdir.
Görüşün sonunda "Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ali hərbi məktəblərində Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması haqqında Saziş" və "2001-ci il üçün Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə Nazirliklərinin əməkdaşlıq planı" imzalanmışdır. Sənədləri Azərbaycan Respublikası tərəfdən general-polkovnik S.Əbiyev və Rusiya Federasiyası tərəfdən marşal İ.Sergeyev imzalamışlar.
Görüşdən sonra hər iki nazir kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirmişlər. Onlar jurnalistləri maraqlandıran suallara cavab vermişlər.
Dekabrın 26-da Rusiya Federasiyasının Müdafiə naziri marşal İ.Sergeyev Azərbaycan Respublikasının müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin xatirə abidəsi önünə əklil qoymuşdur.
Sonra marşal İ.Sergeyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov və Baş nazir Artur Rasizadə tərəfindən qəbul edilmişdir. Görüşlərdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev də iştirak etmişdir.
Həmin günün axşamı Rusiya Federasiyasının Müdafiə naziri İran İslam Respublikasının paytaxtı Tehrana rəsmi səfərə yola düşmüşdür.
Binə beynəlxalq hava limanında qonağı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər yola salmışlar.