Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Xarici İşlər Nazirliyi Kontinental Avropa İdarəsinin rəisi cənab Üq Pernenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmiş və bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikası bu yol ila gedir.
Cənab Ü.Perne qəbul üçün general-polkovnik S.Əbiyevə öz minnətdarlığını bildirmişdir.
Qonaqları maraqlandıran suallara cavab verən Müdafiə naziri, Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi, bu münaqişənin həllində Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması, Azərbaycan Silahlı Qüvvələrinin islahatlar yolu ilə inkişaf etməsi və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirakı haqqında mülahizələrini onların diqqətinə çatdırmışdır.
Müdafiə naziri Azərbaycan-Fransa hərbi əməkdaşlığı məsələsinə toxunaraq vurğulamışdır ki, Fransanın öz Ali hərbi məkəblərində Azərbaycan zabitlərinin təhsil alması üçün yer ayırması məqsədəuyğun olardı. O, eyni zamanda arzu etmişdir ki, Fransa Respublikası ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz fəallığını artırsın.
Cənab Ü.Perne qeyd etmişdir ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini müdafiə edir.
Görüşdə Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin əvəzi cənab Tibo Furyer iştirak etmişdir.