Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 3-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin dinləyicilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Müdafıə naziri qonaqları səmimi salamladıqdan sonra, Qafqaz regionundakı geosiyasi və hərbi-iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin baş vermə səbəbləri və nəticələri haqqında onlara ətraflı məlumat vermişdir. O, münaqişənin əsas səbəbi kimi Ermənistanın Azərbaycana qarşı tarixən ərazi iddiaları olduğunu vurğulamışdır.
General-polkovnik S.Əbiyev demişdir: “Müstəqil dövlətlər yarandıqdan sonra Azərbaycan Qafqazda yeganə dövlətdir ki, onun ərazisində Rusiya Federasiyasının hərbi bazaları yoxdur. Gürcüstan və Ermənistan ərazisində olan hərbi bazalar isə bizi çox narahat edir və bu da Qafqazdakı hərbi-siyasi vəziyyətə mənfi təsir göstərir”.
Müdafıə naziri Azərbaycan Respublikasının müstəqil siyasət yeridərək bir çox iqtisadi proqramları fəal surətdə həyata keçirdiyini və Qərb strukturlarına ardıcıl inteqrasiya etdiyini xüsusi qeyd etmişdir.
Sonra o qonaqların çoxsaylı suallarına cavab verərək Azərbaycan Silahlı Qüvvələrinin strukturu, hərbi təhsil sisteminin ardıcıl şəkildə NATO standartlarına keçdiyini, qoşunlarda da NATO standartlarının tətbiq edildiyini və NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fəal əməkdaşlıq aparıldığını qonaqların nəzərinə çatdırmışdır. O, demişdir: “Təəssüf ki, “Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəliş Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əməkdaşlığa ciddi maneə törədir. “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində GUÖAM-NATO əməkdaşlığı bizdə xüsusi maraq doğurur”.  
Dinləyicilərdən birinin “Azərbaycan Ermənistana qarşı blokadanı götürmək fikrindədirmi” sualına cavab olaraq Müdafiə naziri bildirmişdir: “Ermənistan Azərbaycan tərəfdən blokadaya alınmayıb. Onun Gürcüstan və İran vasitəsilə dünyaya çıxışı var. Əksinə Azərbaycan blokada vəziyyətindədir... Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirməmişdir. Əvvəlcə Ermənistanı işğalçı və təcavüzkar adlandırmaq lazımdır, sonra onun Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır...”
Müdafiə naziri qonaqları maraqlandıran digər suallara da cavab vermişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Elizabet Şelton, hərbi attaşesi mayor Mitçel Biondiç və MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofıq Salmanov iştirak etmişlər.