Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Mart 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri Avropa Komandanlığı Baş Komandanının müavini admiral Çarlz Abbotu, ABŞ Müdafiə nazirinin Rusiya Federasiyası, Ukrayna və Avroasiya üzrə müavinin köməkçisi doktor Çeffri Starrı və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin ali rütbəli ilk nümayəndəsini qəbul etdiyindən çox məmnun olduğunu vurğulamışdır.
Admiral Ç.Abbot qəbul üçün nazirə minnətdarlıq etdikdən sonra bildirmişdir ki, onun Azərbaycana bu səfəri iki dövlətin Silahlı Qüvvələri arasında əməkdaşlığın özül daşını qoymaq məqsədini güdür.
General-polkovnik S.Əbiyev qonağın arzusu ilə Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri barəsində ona məlumat vermişdir. Nazir qeyd etmişdir ki, Ermənistan dövləti tərəfındən münaqişəyə zorla cəlb edilən və itkilərə məruz qalan Azərbaycan Respublikası öz müstəqilliyindən imtina etmədi. Əksinə Avropa strukturlarına inteqrasiya etməyə və NATO ilə “Sülh Naminə Tərəfdaşlaq” proqramı çərçivəsində əməkdaşlığa başladı. O, demişdir: “Biz Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Sizin Azərbaycana səfəriniz bu baxımdan tarixi əhəmiyyət daşıyır”. Nazir fikrini davam etdirərək bildirmişdir ki, “Azadlığı dəstəkləmə aktı”na ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsində mühüm rol oynaya bilərdi.
Admiral Ç.Abbot qeyd etmişdir ki, ABŞ-Azərbaycan əməkdaşlığı fəaliyyətimizin əsasını təşkil edəcək və regiondakı münaqişələrin sülh yolu ilə həllinə müsbət təsir göstərəcəkdir. O, bu səfərini ABŞ və Azərbaycan Silahlı Qüvvələri arasındakı əməkdaşlığın başlanğıc mərhələsi kimi qiymətləndirmişdir.  
Sonra tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərinə toxunmuşlar.
 Görüş zamanı general-polkovnik S.Əbiyev admiral Ç.Abbotu maraqlandıran suallara cavab  vermişdir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi general-polkovnik Tofıq Ağahüseynov, Respublika Sərhəd Qoşunlarının komandanı general-mayor Abbasəli Novruzov, MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofıq Salmanov, ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskudero və hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişlər.