Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur.
Mayın 25-də nümayəndə heyətini Pekin şəhərinin Şoudu beynəlxalq hava limanında ÇXR Mərkəzi Hərbi Şurasının və Müdafiə Nazirliyinin Xarici Əlaqələr İdarəsi rəisinin müavini general-mayor Li Tun Xui, Azərbaycan Respublikasının ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri cənab Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün ÇXR-nın Müdafiə Nazirliyində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olmuşdur.
Qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyətini ÇXR Mərkəzi Hərbi Şurası sədrinin müavini, Dövlət Şurasının üzvü və Müdafiə naziri general-polkovnik Çi Xaotyan qəbul etmişdir.
O, nümayəndə heyətini salamladıqdan sonra qeyd etmişdir ki, bu səfər müstəqil Azərbaycan Respublikası Müdafiə nazirinin Pekinə ilk rəsmi gəlişidir və bu görüşlərin mütləq müsbət nəticəsi olacaqdır.
General-polkovnik S.Əbiyev cari görüşün Azərbaycan-Çin ikitərəfli münasibətlərinin dərinləşməsinə və iki dövlət arasında hərbi əməkdaşlığın yaradılmasına kömək edəcəyini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan tərəfi vahid Çin ideyasını dəstəkləyir və Çinin də Azərbaycanın ərazi bütövlüyünü müdafıə edəcəyinə ümidvardır.
General-polkovnik Çi Xaotyan cavab olaraq bildirmişdir ki, ÇXR BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsi barəsində qəbul olunmuş 4 Qətnamənin tələblərini müdafiə edir.
Görüşdə Azərbaycan Respublikasının ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri cənab Tamerlan Qarayev iştirak etmişdir.
Səfərin gedişində nümayəndə heyətini ÇXR sədirinin müavini cənab Xu Dzin Tao, ÇXR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Fu Syu Ani, ÇXR Müdafiə Akademiyasının rəisi general-polkovnik Sin Şi Jon, Şansi Əyalət Hərbi Dairəsinin komandanı general Çu Yan Xan və Sian piyada qoşunları məktəbinin rəisi general-mayor Xu An qəbul etmişlər.
Görüşlər zamanı general-polkovnik S.Əbiyev ÇXR-in Müdafiə naziri general-polkovnik Çi Xaotyanı və ÇXR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Fu Syu Anı Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Mayın 28-də Azarbaycan Respublikasının Çin Xalq Respublikasındakı böyük elçisi cənab Tamerlan Qarayev “Respublika günü” münasibətilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin və Çin Xalq Respublikasının Müdafiə naziri general-polkovnik Çi Xaotyanın şərəfinə rəsmi qəbul keçirmişdir.
Nümayəndə heyəti mayın 29-da Vətənə qayıtmışdır.