Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Tibb İdarəsinin rəisi general-mayor Mətin Dənlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra demişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin tibbi təminatının daha da yaxşılaşdırılması sahəsində çox işlər görülmüşdür.
General-mayor M.Dənli Türkiyə Respublikası Silahlı Qüvvələri tibb xidmətinin böyük təcrübəyə malik olduğundan söhbət açmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidmətilə tanış olmağa gəldiyini söyləmişdir.
Sonra general-polkovnik S.Əbiyev gənc həkimlərin hazırlanması, qospitalların tibbi avadanlıq və ləvazimatla təminatında mövcud olan bəzi problemlər barəsində də qonaqla fikir mübadiləsi etmişdir.
General-mayor M.Dənli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidmətində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün əlindən gələn köməyi əsirgəməyəcəyini söyləmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Tibbi Akademiyasının rəisi general-leytenant Çətin Harmankayanı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesilə tanış etmiş, bu istiqamətdə əldə edilən uğurlardan bəhs etmişdir. Sonra o, qonağa Azərbaycan müstəqillik əldə etdikdən sonra Silahlı Qüvvələrin tibb xidmətində əldə olunan uğurlar baradə ətraflı məlumat vermişdir.  
General-leytenant Ç.Harmankaya səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür etmiş, Türkiyə Respublikası Silahlı Qüvvələri tibb xidməti tərəfındən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibbi təminatının daha da mükəmməlləşməsi istiqamətində hər bir yardımın göstəriləcəyini xüsusi vurğulamışdır.
Geniş fikir mübadiləsi şəraitində keçən hər iki görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və Azəbaycan Respublikası Silahlı Qüvvələri Tibb Xidmətinin rəisi tibb xidməti general-mayoru Dağlar Abdullayev iştirak etmişlər.
İkinci görüşdə həmçinin Respublika Səhiyyə nazirinin birinci müavini Sərdar Kərimov da iştirak etmişdir.