NATO-nun Hərbi Komitəsinin sədri admiral Quido Venturoni Bakıda iki günlük rəsmi səfərdə olmuşdur. Aprelin 27-də qonağı Binə hava limanında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Müdafiə Nazirliyinin digər nümayəndələri qarşılamışlar.
Səfərin birinci günü admiral Q.Venturoni Şəhidlər Xiyabanını ziyarət etmiş və şəhidlərin məqbərəsi önünə əklil qoymuşdur.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev admiral Q.Venturoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan NATO əməkdaşlığının perspektivləri müzakirə edilmiş, əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün zəmin yaradıldığı qeyd edilmişdir. Müdafiə naziri görüş zamanı qonağı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmişdir. Görüşdən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Səfərin ikinci günü NATO-nun nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyü və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi ilə tanış olmuşdur. Qonaq gördüklərindən məmnun olduğunu söyləmişdir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti Həydər Əliyev və Baş nazir Artur Rasizadə NATO nümayəndəsini qəbul etmişlər.
NATO Hərbi Komitəsinin sədri Q.Venturoni aprelin 28-də Bakıdan yola düşmüşdür. Qonağı Binə hava limanından Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev və MN-nin digər vəzifəli şəxsləri yola salmışlar.