Aprelin 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının NATO-dakı daimi nümayəndəsi səfir Onur Öyməni qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan və NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq respublika Silahlı Qüvvələri nümayəndələrinin NATO tədbirlərində fəal iştirak etdiyini onun diqqətinə çatdırmışdır.
Səfir O.Öymən öz növbəsində bunlar haqqında məlumatlı olduğunu, dost ölkənin NATO-dakı nümayəndəsi kimi bundan qürur duyduğunu vurğulamışdır. Sonra o, NATO-daxili prosesləri dərindən bilən bir mütəxəssis kimi Azərbaycanın NATO ilə əməkdaşlığının daha da yaxşılaşması və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına daha tez çatdırılması istiqamətində general-polkovnik S.Əbiyevlə geniş fikir mübadiləsi etmişdir. O, NATO-nun mövcud olan proqramlarından geniş bəhs etmiş və qeyd etmişdir ki, bu proqramlarda Azərbaycanın güc nazirliyi nə qədər çox iştirak etsə, o qədər yaxşıdır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, NATO ilə əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaq üçün Azərbaycan bundan sonra da bütün imkanlardan istifadə edəcəkdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunları Komandanlığı Tədris məktəbləri İdarəsinin rəisi briqada generalı Əli İhsan Gürcihanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun yenidən qurulan təhsil sistemindəki uğurlardan bəhs edərək qarşıda duran problemlərin həllinə toxunmuşdur.
Briqada generalı Ə.İhsan Gürcihan Hərbi Akademiyada və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində gördükləri müsbət deyişikliklər haqqında təəssüratını nazirlə bölüşmüş və Türkiyə Respublikasının bundan sonra da Azərbaycanın hərbi təhsil sisteminə yaxından yardım edəcəyini xüsusi qeyd etmişdir.
Dostluq və mehribanlıq şəraitində keçən hər iki görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan və Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofıq Salmanov iştirak etmişlər.
İkinci görüşdə həmçinin Müdafiə Nazirinin Kadrlar və Hərbi təhsil üzrə müavini polkovnik Məmməd Beydullayev iştirak etmişdir.