Aprelin 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Corc Marşall adına Mərkəzin direktoru Robert Kennedinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, C.Marşall adına Mərkəz Azərbaycanda məşhurdur, çünki o Azərbaycan üçün kadrlar hazırlayır.
Sonra general-polkovnik S.Əbiyev qonaqları Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş, Ermənistan-Azəbaycan münaqişəsinin yaranma tarixi və onun nəticələri haqqında onlara məlumat vermişdir. O, həllini gözləyən digər problemlərlə yanaşı ABŞ Konqresi tərəfindən “Azadlığı dəstəkləmə Aktı”na 1992-ci ildə əlavə edilmiş 907-ci düzəlişin Azərbaycanı çox narahat etdiyini söyləmişdir. O, demişdir: “Belə çıxır ki, ABŞ dövləti Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistana külli miqdarda yardım göstərdiyi halda, zərər çəkmiş Azərbaycan Respublikasını bu zəruri köməkdən məhrum etmişdir. Bu çox ədalətsiz aksiyadır”.
Nazir vurğulamışdır ki, bu çətin şəraitə baxmayaraq, Azərbaycan Respublikası Avropa strukturlarına inteqrasiya edərək, iqtisadiyyatını inkişaf etdirərək öz müstəqilliyini möhkəmləndirir.
Səmimi qəbul üçün Müdafıə nazirinə minnətdarlıq edən cənab R.Kennedi qeyd etmişdir ki, Azərbaycandan C.Marşall adına Mərkəzdə təhsil alan tələbələr çox yaxşı oxuyurlar və Mərkəz onların sayını 2 dəfə artırmağı planlaşdırır.
Mərkəzin direktoru “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəlişə münasibətini bildirərək təəssüflə qeyd etmişdir ki, bu düzəliş ABŞ dövlətinin milli maraqlarına cavab vermir, pozitiv qərar deyil və o, öz növbəsində bu düzəlişin təsirinin tamam azalması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Sonra qonaq C.Marşall adına Mərkəzin hazırda gördüyü işlər və gələcək planları haqqında Müdafiə nazirinə ətraflı məlumat vermişdir. O, fikrini yekunlaşdıraraq demişdir: “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəlişin təsirini azaltmaq bizim kursların növbəti mövzusu ola bilər”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev C.Marşall adına Mərkəzin kurslarının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, Mərkəz direktorunun təkliflərini məmnuniyyətlə qəbul etdiyini və bundan sonra Mərkəzlə daha da sıx əməkdaşlıq ediləcəyini söyləmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişdir.