Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev 1941-45-ci illərin Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 55 illiyi münasibətilə, başda Azərbaycan Respublikası Əmək, Müharibə və Silahlı Qüvvələr Şurasının sədri istefada olan general-mayor Bahadur Hüseynov olmaqla bir qrup müharibə veteranını qəbul etmişdir.
General-polkovnik S.Əbiyev çıxış edərək müharibə veteranlarını qələbənin qarşıdan gələn 55 illiyi münasibətilə təbrik etmiş, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində gördükləri böyük işlərə görə onlara öz təşəkkürünü bildirmişdir.
Sonra o, xalqımızın Böyük Vətən müharibəsində göstərdiyi kütləvi qəhrəmanlığın gələcək nəsillərə həmişə nümunə olacağından söhbət açmışdır. O, demişdir: “Möhtərəm prezidentimiz cənab Heydər Əliyevin qayğısı ilə may ayının 9-nun bayram günü kimi yenidən bərpa edilməsi hər şeydən əvvəl yaxın tariximizə, sizin əldə etdiyiniz böyük qələbəyə ümumxalq ehtiramının nişanəsidir.  Siz bilin ki, biz həmişə sizdən öyrənmişik, sizin keçdiyiniz qəhrəmanlıq dolu yoldan ibrət götürmüşük və bu gün də sizi özümüzə örnək bilirik”.
Sonra Müdafıə nazirinin “Böyük Vətən müharibəsi veteranlarının  mükafatlandırılması haqqında” əmri oxunmuş və Nazir veteranlara qiymətli hədiyyələr təqdim etmişdir.
Görüş zamanı çıxış edən veteranlar - Bahadur Hüseynov, Səlim Səlimov, Sovet İttifaqı Qəhrəmanı Malik Məhərrəmov, Məzahir Abbasov və İsmayıl İbrahimov görüş üçün Müdafiə nazirinə təşəkkür etmiş, Silahlı Qüvvələrimizin şəxsi heyətini qələbənin 55 illik bayramı münasibətilə təbrik etmişlər. Onlar dönə-dönə vurğulamışlar ki, Azərbaycan ordusu ümumxalq məhəbbəti və qayğısı ilə əhatə olunmalıdır.
Görüşə yekun vuran Müdafiə naziri general-polkovnik S.Əbiyev müharibə veteranlarına Azərbaycan Silahlı Qüvvələri quruculuğunda əldə olunmuş uğurlar haqqında məlumat vermişdir.
Görüşdən sonra müharibə veteranları Gizirlər Məktəbi, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi ilə tanış olmuş və kursantlarla nahar etmişlər.