Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrü Takrı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu yeni yüksək təyinatı münasibətilə təbrik etmiş və ona işində uğurlar arzulamışdır.
Özünü nazirə təqdim edən cənab A.Takr demişdir ki, o, yeni vəzifəsində Böyük Britaniya və Azərbaycan Respublikası dövlətləri arasında diplomatik əlaqələrin daha da yaxşılaşması, o cümlədən iki dövlətin hərbi əməkdaşlığının intişar tapmasında əlindən gələni əsirgəməyəcəkdir. Sonra o, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Böyük Britaniya və Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin əməkdaşlığının yaxşı vəziyyətdə olduğunu vurğulamış və keçirilən qarşılıqlı tədbirlərdə Azərbaycan zabitlərinin yüksək keyfiyyətlər nümayiş etdirdiklərini xüsusi qeyd etmişdir.
General-polkovnik S.Əbiyev səfirə postsovet dövrdə və hazırda Azərbaycandakı və Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat vermişdir. O, demişdir: "SSRİ dağılmağa başladığı zaman müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan Respublikası qonşu Ermənistan tərəfdən işğala məruz qalmışdır. Onun torpaqlarının 20 faizi Rusiya Federasiyasının Ermənistana fəal köməyi nəticəsində işğal edildi, Dağlıq Qarabağın və ətraf rayonların 1 milyondan artıq əhalisi öz vətənində didərgin oldu.
1993-96-cı illərdə Rusiya Federasiyasının bəzi dairələri Ermənistana qeyri-qanuni olaraq 1 milyard dollar məbləğində silah və sursat verdi. Ermənistan ərazisindəki Rusiya hərbi bazaları gücləndirildi. İndi də Rusiya Federasiyasının Gürcüstandakı hərbi bazalarından çıxarılan zirehli texnikanın bir qismi Ermənistana gətirilir, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülür. Bu gün bu torpaqlar Ermənistan Silahlı Qüvvələrinin uçotsuz silah və sursatının yerləşdirildiyi "dalda yerə" çevrilmişdir. Beynəlxalq təşkilatlar buna nəzarət etmirlər. Terrorizmin və insan haqlarının pozulduğu məkana çevrilmiş işğalçı Ermənistan dünya ictimaiyyəti tərəfindən mühakimə edilmir. Ermənistanın təcavüzkar olduğunu bilə-bilə bu gün uydurma "erməni genosidi" məsələsi Avropa dövlətlərinin parlamentləri müzakirəyə çıxarırlar. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını sözsüz azad etməsi barədə 4 qətnamə qəbul etməsinə baxmayaraq onların heç biri yerinə yetirilməmişdir. Avropa strukturlarının dünya ictimaiyyətinin passivliyi nəticəsində Ermənistanın təcavüzkar və işğalçı dövlət olduğu indiyədək qiymətləndirilməmişdir.
Ermənistan ərazisində Rusiya Federasiyasının bazaları yerləşdirilir, onun sərhədləri Rusiya Federasiyası dövləti tərəfindən qorunur. Deməli, Ermənistan Respublikasının müstəqilliyi tam simvolik xarakter daşıyır.
Təcavüzkara qiymət verilməli və məcburi şəkildə o tezliklə yerində oturdulmalıdır. Bunu Azərbaycanda marağı olan ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlər etməlidir ki, bizim regionda sülh prosesi dönməz olsun".