Noyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik etmiş və işində uğurlar arzulamışdır.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən səfir qeyd etmişdir ki, bizim hərtərəfli, o cümlədən hərbi sahədə əməkdaşlıq etməyimiz tarix və ilahi tərəfindən müəyyən edilmişdir. Çünki biz çoxəsrlik qonşuluq tarixi olan iki xalqıq. Hərbi əməkdaşlığın xüsusi münasibətlər sahəsinə aid olduğunu vurğulayan səfir demişdir ki, Qəbələ RLS-nin hüquqi qeyri-müəyyənliyini aradan götürmək vaxtı çatmışdır.
Səfirin fikri ilə razı olduğunu bildirən Müdafiə naziri qeyd etmişdir ki, Qəbələ RLS-i məsələsinin həlli Dağlıq Qarabağ probleminin həlli kimi çox uzandı. Dağlıq Qarabağ problemini Rusiya Federasiyasız, Qəbələ məsələsini isə Azərbaycansız həll etmək olmaz.
Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət həm Rusiya Federasiyası, həm də Azərbaycan Respublikası üçün əlverişli deyil. Gürcüstandan çıxarılan hərbi texnikanın Ermənistana göndərilməsi, oradan isə Qarabağ ərazisinə ötürülməsi Azərbaycan tərəfini çox narahat edir. Biz bunu deyəndə faktlara istinad edirik. Çünki Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqı hamıdan çox itirib.
Səfir N.Ryabov cavab olaraq demişdir: "Sizinlə razıyam ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqına böyük bəlalar gətirmişdir. Lakin bildirməliyəm ki, zirehli texnikanın bir hissəsinin Ermənistana göndərilməsi qüvvələr balansını pozmur və biz yol vermərik ki, rus silahı kiminsə əleyhinə işlənsin".
Sonra tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, nəticələri və həlli yolları haqqında, eləcə də prezident V.Putinin Azərbaycan Respublikasına rəsmi səfəri barədə geniş fikir mübadiləsi etdilər.
Rusiya Federasiyasının səfiri dedi: "Rusiya Federasiyasının yeni tarixində onun prezidenti Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasına səfər edir. Bu Rusiya Federasiyası dövlətinin Azərbaycan Respublikası dövlətinə böyük diqqət və sayğısının təzahürüdür. Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini tapmaq lazımdır. Biz Azərbaycanla çoxəsrlik dostluğumuzu heç bir münasibətə qurban verməyəcəyik... Azərbaycanın müstəqil bir dövlət kimi ərazi bütövlüyünü müdafiə edirik və Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Bu səyləri alqışladığını vurğulayan general-polkovnik S.Əbiyev demişdir: "Bizim təhlükəsizlik maraqlarımız eynidir. Buna görə də biz Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə əlaqələrimizi kəsməmişik. Prezident V.Putinin səfərindən sonra Müdafiə naziri İ.Sergeyevin Azərbaycana səfərini gözləyirik".
Qarşılıqlı səmimiyyət və işgüzar şəraitdə keçən görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi I dərəcəli kapitan Vladimir Sukaç və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik T.Salmanov iştirak etmişlər.