Noyabrın 20-də Ermənistanın "Snark" informasiya agentliyi "mötəbər mənbə"yə istinad edərək haqqında Rusiyanın "Zaman" analitik-informasiya proqramında bəhs edilən, Rostov şəhərində saxlanılan hərbi texnika ilə dolu eşelonun, guya Ukraynadan Azərbaycana göndərilməsi və sonra onun "Qarabağ istiqamətində və ya Çeçenistanda istifadə üçün" nəzərdə tutulduğu barədə cəfəng bir mülahizə irəli sürmüşdür.
Məsələyə aydınlıq gətirmək üçün sözü gedən eşelonun çatacağı son məntəqənin məlum olmadığını bəyan edən erməni tərəfinə bildiririk ki, noyabrın 15-də Rostov şəhərində saxlanılan 50-yədək avtomobil, isti geyim və sanitar ləvazimatından ibarət olan yük NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində İsveçrə hökumətinin Gürcüstana humanitar yardımının bir hissəsidir. Bu fakt həm İsveçrə, həm də Gürcüstanın dövlət nümayəndələri tərəfindən təsdiq edilmişdir.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, erməni tərəfinin bu növbəti uydurması dezinformasiya xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini Rusiya Federasiyasının Gürcüstandakı hərbi bazalarından çıxarılan hərbi texnika, silah və sursatın Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan ərazilərinə ötürülməsi və bu ərazilərin bütün Qafqaz regionu üçün təhlükə olan gərginlik ocağına çevrilməsi məsələsindən yayındırmaq məqsədi güdür.