Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Qərargah rəisləri Birləşmiş Komitəsi Sədrinin birinci müavini general Riçard B.Mayerzi, ABŞ Müdafiə nazirinin müavini cənab Uolter B.Slokombu və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev ABŞ Müdafiə Nazirliyinin belə mötəbər tərkibli nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu vurğulamış və şübhəsiz ki, bu səfərin ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlığının inkişafına yeni impuls verəcəyini söyləmişdir.
Sonra Müdafiə naziri Azərbaycan Respublikasının müstəqil, dünyəvi, demokratik və hüquqi dövlət kimi bütün dövlətlərlə əməkdaşlıq etmək istədiyini, Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya əzmində olduğunu, NATO və ABŞ ilə əməkdaşlığa xüsusilə üstünlük verdiyini qonaqların diqqətinə çatdırmışdır.
Sonra o, Azərbaycan Respublikasının bir saylı problemi olaraq Ermənistan-Azərbaycan münaqişəsinə zorla cəlb olunmasından, torpaqlarımızın qonşu Ermənistan tərəfindən zəbt olunmasından və 1 milyondan artıq qaçqın və didərginin çadırlarda dözülməz şəraitdə yaşamasından geniş söhbət açmışdır.
O, sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllinə maneçilik törədən neqativ amilləri açıqlamış, münaqişənin həll olunmaması nəticəsində Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin gərgin olaraq qaldığını vurğulamışdır.
General Riçard B.Mayerz qəbul üçün təşəkkür edərək ABŞ-ın Müdafiə naziri cənab Uilyam S.Koenin və ABŞ Silahlı Qüvvələri Qərargah rəisləri Birləşmiş Komitəsinin sədri general Henri Şeltonun salamlarını nazirə çatdırmışdır. O, bildirmişdir ki, Azərbaycanın Müdafiə nazirinin bu ilin yayında Vaşinqtona səfəri ikitərəfli hərbi əməkdaşlığın təşkil olunmasına müsbət təsir göstərmişdir. General qeyd etmişdir ki, bizim nümayəndə heyətinin Azərbaycana səfərinin strateji əhəmiyyəti vardır və bu səfər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlığının güclənməsinə kömək edəcəkdir. O, yaxınlarda ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı rəhbərliyinin Bakıya səfər edəcəyini qeyd edərək bildirmişdir ki, bu səfər zamanı Azərbaycan Müdafiə Nazirliyi ilə 2001 -ci il üçün əməkdaşlıq planı imzalanacaqdır.
Sonra ABŞ Müdafiə nazirinin müavini cənab Uolter B.Slokomb bildirmişdir ki, ABŞ üçün Azərbaycanın təhlükəsizliyinin və siyasi sabitliyinin mühüm əhəmiyyəti vardır. O, Ermənistan-Azərbaycan münaqişəsinin qəti həllində atəşkəs rejiminin qorunub saxlanmasının əsas amillərdən biri olduğunu vurğulamışdır.
Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi zamanı general-polkovnik S.Əbiyev qonaqların suallarına ətraflı cavab vermiş, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və NATO ilə "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanın iştirakı yüksək qiymətləndirilmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda gərginliyin əsas səbəbi kimi Ermənistanın öz havadarları tərəfindən durmadan silahlandırıldığını göstərmiş, bu uçotsuz hərbi texnikanın və silah-sursatın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində yerləşdirildiyini demişdir. O, təklif etmişdir ki, bu ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş silahların və hərbi texnikanın monitorinqi keçirilsin.
Azərbaycanın Müdafiə naziri bir daha arzulamışdır ki, ABŞ və Azərbaycan Respublikasının Müdafiə Nazirliklərinin ikitərəfli hərbi əməkdaşlığı tezliklə geniş vüsət alsın.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilson və hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişlər.