Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Corc Marşal adına Təhlükəsizlik Araşdırmaları üzrə Avropa Mərkəzinin direktor müavini istefada olan general-mayor Frans Verneri qəbul etmişdir.
Müdafiə naziri qonağı səmimi salamladıqdan sonra o, C.Marşal adına Mərkəzin fəaliyyəti barədə nazirə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, indiyə qədər məktəbi 33 nəfər azərbaycanlı bitirmişdir və Mərkəz bundan sonra da Aərbaycan Respublikası ilə əməkdaşlıq edəcəkdir. Qonaq Mərkəzin Bakıda keçirdiyi seminarın əhəmiyyətindən danışaraq söyləmişdir ki, biz bu tədbiri Azərbaycanın geo-siyasi vəziyyətini nəzərə alaraq bir çox ölkələrin xahişi ilə keçiririk.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Corc Marşal adına Mərkəz yarandığı vaxtdan onunla əməkdaşlıq etdiyini, orada hazırlanan kadrların Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və təhlükəsizliyinin təşkil edilməsinə xidmət etdiklərini söyləmişdir.
General-mayor F.Verner azərbaycanlı tələbələrin C.Marşal adına Mərkəzdə yüksək göstəricilərlə təhsil aldıqlarını vurğulayıb general-polkovnik S.Əbiyevi C.Marşal Mərkəzinə dəvət etmişdir.
Sonra general-polkovnik S.Əbiyev qonaqla Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri barədə geniş fikir mübadiləsi etmişdir. O, işğalçı Emanistanın Azərbaycan torpaqlarının zəbt etməsinin regionda hərbi-siyasi vəziyyətə mənfi təsir göstərdiyini vurğulayaraq demişdir: "Avropa institutlarında ədalətdən, insan haqlarından, separatçılıqdan və terrordan danışanda mən təəcüblənirəm. Çünki bunlar hamısı Ermənistan dövlətinə aiddir. Nə üçün dünya ictimaiyyəti bu vaxtadək Ermənistanı işğalçı və terrorçu dövlət adlandırmır? Dağlıq Qarabağ problemi artıq qlobal xarakter almışdır və o beynəlxalq qanunların tələbləri çərçivəsində həll edilməlidir".
Cənab F.Verner qeyd etmişdir ki, o, Bakıdan böyük təəssüratla ayrılacaq və əmin olmuşdur ki, azərbaycan xalqı Dağlıq Qarabağ probleminin sülh yolu ilə tezliklə həllini təIəb edir. O demişdir: "Azərbaycan Avropanın bir hissəsidir və Avropa Azərbaycan xalqının Dağlıq Qarabağ problemini dərindən bilməlidir".