Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Stenli Eskuderonu Azərbaycanda diplomatik missiyasını başa vurması ilə əlaqədar qəbul etmişdir.
Müdafiə naziri səfiri səmimi salamladıqdan sonra Azərbaycandakı səmərəli fəaliyyətinə görə ona təşəkkür etmiş, can sağlığı və xoşbəxtlik arzulamışdır. Nazir demişdir: "Sizin Azərbaycandakı üç illik fəaliyyətiniz  müddətindəki dövr respublikamız üçün məsuliyyətli dövr olmuşdur. Bu illər ərzində Azərbaycanda çox müsbət işlər görülmüş, o cümlədən sizin köməyinizlə Azərbaycan-ABŞ münasibətləri dərinləşmiş və əlaqələrimiz genişlənmişdir. Bu məsələdə sizin payınız böyükdür".  
Sonra səfir S.Eskudero Müdafiə nazirinə onunla vidalaşmağa gəldiyi və bazar günü ABŞ-a yola düşəcəyi barədə məlumat vermişdir. O, demişdir: "Azərbaycanı tərk etməyimə çox təəssüflənirəm. Çünki Azərbaycanı çox sevirəm. Əminəm ki, üç illik fəaliyyətim dövründə Azərbaycanda mənə göstərilən mehribanlıq və qonaqpərvərlik oktyabrın 6-da Bakıya gələcək yeni təyin edilmiş səfir Ross L.Uilsona da göstəriləcəkdir. İnanıram ki, bundan sonra da ABŞ-Azərbaycan ikitərəfli əməkdaşlığı genişlənəcək və "Azadlığı Müdafiə Aktı"na əlavə olunan 907-ci düzəliş mütləq ləğv ediləcəkdir. Mən Azərbaycana həmişə maraq göstərəcəyəm".
General-polkovnik S.Əbiyev 907-ci düzəlişin Azərbaycan-ABŞ münasibətlərinə bir ləkə olduğunu bildirmiş, onun indiyədək ləğv olunmadığına təəssüflənərək demişdir: "Unutmayın ki, bu akt ilk növbədə Amerika Birləşmiş Ştatlarının maraqlarına zərbə vurur, Azərbaycan-ABŞ qarşılıqlı əlaqələrinin dərinləşməsinə maneçilik törədir. Lakin mən inanıram ki, 907-ci düzəliş tezliklə ləğv olunacaq və ədalətin təntənəsi bərpa olunacaqdır".
Cənab S.Eskudero Azərbaycanın Müdafiə naziri ilə razılaşdığını bildirmiş və 907-ci düzəlişi "biabırçı bir akt" adlandıraraq demişdir: "Mən harada olmağımdan asılı olmayaraq Azərbaycana diqqət yetirəcəyəm və 907-ci düzəlişin əleyhinə çalışacağam".
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək erməni lobbisinin, bir qrup erməninin Amerika Birləşmiş Ştatları kimi bir dövlətin siyasətinə təsir etməsinə təəccübləndiyini bildirmiş, indi də qondarma "erməni genosidi"nin Nümayəndələr Palatasının alt Komitəsində qəbul edildiyinə təəssüflənmişdir. O, bildirmişdir: "Tarixdə olmayan "erməni genosidi"nin bu gün Konqresdə gündəmə gətirilməsi Amerika Birləşmiş Ştatlarının Türkiyədə, Qafqazda və Mərkəzi Asiyadakı maraqlarına ağır zərbə vura və burada onun mövqelərini zəiflədə bilər. Qafqazda Azərbaycan ABŞ-ın mənafelərini hamıdan çox müdafiə edir. Biz bundan sonra da ABŞ-la münasibətlərimizin dərinləşməsi istiqamətində öz siyasi xəttimizi yeridəcəyik. Çünki Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının strateji müttəfiqidir".
Səfir S.Eskudero bu məsələyə cavab olaraq bildirmişdir: "Mən qəti şəkildə inanıram ki, Nümayəndələr Palatası bu dəfə "erməni genosidi"ni qəbul etməyəcəkdir. Çünki buna vaxt yoxdur. Bu sadəcə olaraq, seçkiqabağı bir "reklamdır" ki, Konqresdə ermənipərəst dairələr erməni lobbisini öz tərəfinə çəkmək və onun pullarından istifadə etmək üçün ortaya atmışlar.
Lakin bu o demək deyil ki, Türkiyə, Azərbaycan və dostları bundan narahat olmamalıdırlar. Əksinə siz həmişə ayıq olmalısınız. Çünki ermənilər bu məsələni 1974-cü ildən ortaya atıblar və bundan sonra da gündəmə gətirməyə çalışacaqlar. Unutmayın ki, "erməni genosidi" qəbul olunsa, onu ləğv etmək mümkün olmayacaqdır".  
Görüşün sonunda general-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının Prezidentinə Amerikada olarkən səhhətilə bağlı ona göstərilən diqqət və qayğıya görə ABŞ dövlət rəhbərliyinə təşəkkürünü bildirmiş və səfir S.Eskuderoya bir daha yaxşı yol arzulamışdır.
Görüşdə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı hərbi attaşesi mayor Mitçel Biondiç iştirak etmişlər.