Avqustun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra general-mayor S.Ercan səmimi qəbul üçün ona təşəkkürünü bildirmiş, hərbi attaşe kimi səlahiyyətlərinin başa çatması ilə əlaqədar yaxın zamanlarda Azərbaycanı tərk edəcəyini söyləmişdir. O, Azərbaycanda çalışdığı müddətdə ona göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan xalqı, ölkə rəhbərliyi və Müdafiə nazirinə öz minnətdarlığını bildirmişdir.
Sonra o, Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesi general-mayor Zəki Durlanıkı Müdafiə nazirinə təqdim etmişdir.
Yeni hərbi attaşe Türkiyə Respublikası Silahlı Qüvvələrindəki xidməti barəsində Müdafiə nazirinə ətraflı məlumat vermiş, qardaş Azərbaycanda fəaliyyət göstərəcəyindən qürur hissi duyduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanda fəaliyyətinin sona çatması münasibətilə general-mayor S.Ercanı və yeni təyinatı ilə əlaqədar hərbi attaşe general-mayor Z.Durlanıkı təbrik etmişdir. O, demişdir: “Türkiyə və Azərbaycan dövlətləri arasında hərbi əməkdaşlığın inkişafının günün tələbi olması qaçılmaz bir reallıqdır. Hesab edirəm ki, yeni təyin olunmuş hərbi attaşe hərbi münasibətlərimizin daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Ona fəaliyyətində müvəffəqiyyətlər arzu edirəm”.
Sonda görüş iştirakçıları regionda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmişlər.
Görüşdə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.