Avqustun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Ərdal Bucağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra onlara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq prosesi, ordumuzun tərkib hissələrindən biri olan Hərbi Dəniz Qüvvələrinin formalaşması istiqamətində görülən işlər barəsində ətraflı məlumat vermişdir. Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələri tərəfındən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə verilən bir ədəd patrul katerinin artıq Bakı limanına gətirilməsini yüksək qiymətləndirən Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında münasibətlərin getdikcə dərinləşdiyindən məmnun olduğunu vurğulamışdır.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkürünü bildirən kontr-admiral Ə.Bucaq Türkiyə Respublikası Silahlı Qüvvələrinin qardaş Azərbaycan Ordusunun qüvvətlənməsinə yardımının bundan sonra da davam edəcəyini bildirmişdir.