Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əlirza Biqdelini, İran İslam Respublikası Silahlı Qüvvələrinin Bakıdakı sabiq hərbi attaşesi general-mayor Cəlal Mehriban Xoşgunu, yeni təyin edilmiş hərbi attaşesi general-mayor Musa Şəhabini və İran İslam Respublikası Müdafiə Nazirliyinin hərbi attaşelər şöbəsinin rəisi general-mayor Hüseyn Əli Əlanı qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra səfir Ə.Biqdeli ona “20 yanvar Şəhidlər Günü” ilə əlaqədar İran dövləti, xalqı və Silahlı Qüvvələrinin şəxsi heyəti adından başsağlığı vermiş, qəbul üçün təşəkkürünü bildirmiş və bu görüşün məqsədini açıqlamışdır. O, qeyd etmişdir ki, səfirlikdə hərbi attaşelər mübadiləsi baş verir. Sonra isə yeni hərbi attaşeni və digər qonağı general-polkovnik S.Əbiyevə təqdim etmişdir. Səfir Azərbaycanın Müdafiə nazirinə Prezident H.Əliyevin İran İslam Respublikasına rəsmi səfərə hazırlıq prosesinin uğurla getdiyi barədə məlumat vermişdir.
İranın sabiq hərbi attaşesi general-mayor C.Mehribani Bakıda 4 il yarım müddətində çox səmimi və mehribanlıq şəraitində, sanki öz vətənində olduğu kimi xidmət etdiyini xatırlamış və qonaqpərvərlik üçün Müdafiə nazirinə minnətdarlığını bildirmişdir.
General-polkovnik S.Əbiyev 20 yanvar hadisəsi haqqında qonaqlara məlumat verdikdən sonra qeyd etmişdir ki, biz İran İslam Respublikasını özümüzə həmişə dost dövlət, İran xalqını isə mehriban qonşumuz saymışıq. O, demişdir: “Prezident H.Əliyevin İran İslam Respublikasına səfəri iki dövlət arasındakı əlaqələri yeni mərhələyə qaldıracaqdır. Bundan sonra münasibətlərimiz daha da sıx olmalıdır”.
Sonra Müdafiə naziri sabiq hərbi attaşe general-mayor C.Mehribaniyə səmərəli xidmətinə görə təşəkkür etmiş, yeni hərbi attaşe general-mayor M.Şəhabiya uğurlar arzulamışdır.
Tərəflər regionda son zamanlar baş verən bəzi hadisələr barəsində fikir mübadiləsi etmişlər.
Sonda general-mayor Hüseyn Əli Əla İranın Müdafiə naziri general Şəmxaninin salamını general-polkovnik S.Əbiyevə çatdırmış və iki dövlət arasında daha da mehriban münasibətlərin yaranmasını arzulamışdır.
Görüşdə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.