Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu, ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin Milli Təhlükəsizlik Məsələləri üzrə yüksək səviyyəli peşəkar Qərargahın əməkdaşı cənab Marşall Billinqslini və onları müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra səfir S.Eskudero qəbul üçün təşəkkür edərək qonağı ona təqdim etmişdir. Cənab M.Billinqsli senator Xelmsin salamlarını Azərbaycanın Müdafiə nazirinə yetirmiş, respublikamızdakı və Qafqaz regionundakı vəziyyətlə maraqlanmışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının dünyəvi, demokratik dövlət olduğunu, öz gələcəyini Qərbə inteqrasiyada və ABŞ-la ən yaxşı münasibətdə olmaqda gördüyünü söyləmişdir. Azərbaycan NATO ilə münasibətlərini genişləndirmək istədiyini bəyan etmişdir.
Müdafiə naziri qeyd etmişdir ki, Rusiya Federasiyası Çeçenistanda hərbi əməliyyatlara başladıqdan sonra Qafqaz regionunda hərbi-siyasi vəziyyət mürəkkəbləşmişdir. O, demişdir: “Ermənistan ərazisində 1 milyard dollardan artıq silah və sursatın toplandığını, oraya “S-300” zenit-raket komplekslərinin gətirildiyini nəzərə alsaq, vəziyyətin nə dərəcədə gərgin olduğunu təsəvvür etmək çətin olmaz. Bu silah və sursatın Azərbaycanın Ermənistan tərəfindən işgal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilən hissəsinə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə ilə nəzarət edilmir. Bunlar uçotsuz silahlardır”.
General-polkovnik S.Əbiyev “Azadlığı dəstəkləmə aktı”na 907-ci düzəlişin Azərbaycan-ABŞ münasibətlərinə məhdudiyyət qoyduğuna toxunduqda, cənab M.Billinqsli bildirmişdir ki, biz ötən il bu düzəlişin ləğvinə çox yaxın olmuşduq. Bu məsələ bu il də Senatın gündəliyindədir. Müdafiə naziri Azərbaycanda ordu quruculuğunun gedişi ilə maraqlanan cənab M.Billinqsliyə bildirmişdir ki, bu proses respublikada NATO standartlarına uyğun şəkildə aparılır və Silahlı Qüvvələrdə ingilis dilini tədris edən bir neçə kurs fəaliyyət göstərir.
Qonaqların çoxsaylı suallarına cavab verən general-polkovnik S.Əbiyev demişdir ki, Silahlı Qüvvələrin əsas məqsədi respublikamızın təhlükəsizliyini təmin və onun ərazi bütövlüyünü bərpa etməkdir.
Görüşdə ABŞ-ın Azərabaycan Respublikasındakı hərbi attaşesi mayor Mitçel Biondiç və Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişlər.