Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rocer Toması, bu ökənin Azərbaycan Respublikası və Gürcüstanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Endryu Kerri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra cənab R.Tomas qəbul üçün minnətdarlığını bildirmiş və Azərbaycan Respublikasına akkreditə olunmuş yeni hərbi attaşeni ona təqdim etmişdir. Sonra o, Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və hərbi əməkdaşlıq barədə fikir mübadiləsi etməyin zəruriliyini vurğulamışdır.
Hərbi attaşe E.Kerr özünü Müdafiə nazirinə təqdim edərək Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrində xidmət etdiyi haqqında məlumat vermişdir. O, Azərbaycan Silahlı Qüvvələrində ingilis dilinin öyrənilməsi məsələsinə toxunaraq bu proqramın kiçik komandirlər üçün də tədris edilməsinin vacibliyindən bəhs etmiş və respublikamızın hərbi təhsil müəssisələri ilə tanış olmaq arzusunu bildirmişdir.
General-polkovnik S.Əbiyev hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək, iki dövlət arasında hərbi əməkdaşlığın inkişafının günün tələbi olduğunu xüsusi vurğulamışdır. O, demişdir: “Azərbaycan Respublikası və Böyük Britaniya arasında çoxtərəfli münasibətlər mövcuddur və bu münasibətlər uğurla inkişaf etdirilir”.
Sonra Müdafiə naziri Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqlara ətraflı məlumat vermişdir. O, təəssüflə qeyd etmişdir ki, Rusiya Federasiyasının kütləvi informasiya vasitələri, hətta bəzi hökumət nümayəndələri Azərbaycan ərazisində çeçen döyüşçülərinin hazırlanması və Çeçenistana göndərilməsi barədə təxribat xarakterli məlumatlar yaymaqda davam edirlər. O, belə iddiaların heç bir əsasının və Azərbaycanla Çeçenistan arasında ümumi sərhədin olmadığını qonaqların nəzərinə çatdırmışdır.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.