Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2001 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhməd Ünal Çeviközü qəbul etmişdir.
General-polkovnik S.Əbiyev səfiri səmimi salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik edərək gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Müdafiə naziri Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinə toxunaraq ölkəmizin müstəqillik əldə etdiyi dövrdən ötən on il ərzində dövlətlərimiz arasında dostluq, qardaşlıq əlaqələri yarandığını və bu əlaqələrin inkişaf etdiyini qeyd etmişdir. O demişdir: “Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Türkiyənin Azərbaycana göstərdiyi siyasi, iqtisadi, mədəni və digər sahələrdə dəstək gənc dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan münaqişəsi barəsində əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq təşkilatlar çərçivəsində haqq işimizin müdafiə olunmasında da Türkiyə Respublikasının yardımını hiss edirik.
Bizim strateji əməkdaşlığımız, eyni zamanda, beynəlxalq qurumlarda müştərək mövqedən çıxış etməyimizlə bağlıdır”.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı məsələsinə toxunan Müdafiə naziri hər iki dövlətin Silahlı Qüvvələrinin sıx əməkdaşlıq etməsi, Türkiyə ordusunun qabaqcıl təcrübəsinin Azərbaycan Silahlı Qüvvələrinə tətbiq edilməsinin vacibliyi və bu birliyin Azərbaycan-NATO əlaqələrinin inkişafına təkan verməsini xüsusi qeyd etmişdir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab Ə.Ü.Çeviköz Azərbaycana gəlişindən böyük qürur duyduğunu bildirmişdir. Hər iki dövlət arasında münasibətlərin qarşılıqlı dostluq və səmimiyyət ruhunda olduğunu vurğulayan səfir öz fəaliyyətində bunun ardıcıl şəkildə inkişaf etməsi üçün əlindən gələn yardımı edəcəyini qeyd etmişdir. O demişdir: “Azərbaycanın inkişafına ən böyük əngəl Ermənistanın bölgədə apardığı işğalçılıq siyasətidir. Türkiyə Respublikası hər sahədə olduğu kimi, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsində də ölkənizə dəstək verir. Azərbaycan hər zaman Türkiyəyə arxalana bilər. Bizim ən böyük istəyimiz Azərbaycanı inkişaf etmiş ölkə kimi görməkdir”.
Sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan ictimai və hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişlər.