Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Qotsyanı, yeni hərbi attaşe baş polkovnik Tszin Çjitsianqı və keçmiş hərbi attaşe polkovnik Yan Syuquanı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları səmimi salamladıqdan sonra, qeyd etmişdir ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq zaman keçdikcə genişlənir və Siz bir səfir olaraq bu məsələni həmişə nəzarətdə saxlayırsınız. O demişdir: “Bu günlərdə Çin Xalq Respublikası səfirliyinin Bakı şəhərində yeni binaya köçməsi də buna əyani sübutdur və mən fürsətdən istifadə edərək Sizi bu münasibətlə bir daha təbrik edirəm”.
Müdafiə naziri iki dövlət arasında hərbi əməkdaşlıq, o cümlədən zabit kadrlarının hazırlığı istiqamətində də münasibətlərin uğurla davam etdirildiyini vurğulamışdır. Sonra o, baş polkovnik T.Çjitsianqı yeni təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulamış və öz missiyasını başa vurmuş polkovnik Y.Syuquana təşəkkür etmişdir.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən səfir Ç.Qotsyan qeyd etmişdir ki, Çin səfirliyinin Bakı şəhərində yeni binaya köçməsi bir əlamətdar hadisə kimi onu göstərir ki, Çin Xalq Respublikası Azərbaycan Respublikası ilə diplomatik münasibətlərinə böyük əhəmiyyət verir.
Sonra general-polkovnik S.Əbiyev qonaqları bu gün Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş və demişdir: “Azərbaycan xalqının ən böyük problemi işğal edilmiş torpaqlarının azad edilməsidir. Ermənistan işğalçı dövlətdir və o yaxşı başa düşür ki, işğal etdiyi əraziləri qeyd-şərtsiz boşaltmalıdır. Dünya ictimaiyyəti eyni mövqedən çıxış edərək Ermənistanı işğalçı dövlət kimi mühakimə etməlidir. ABŞ-nın Dövlət Departamenti Ermənistanın işğalçı dövlət olduğunu bəyan etmişdir. ÇXR-sı da BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etməsi barədə 4 Qətnamənin qəbul olunmasında iştirak etmişdir. Təəssüf olsun ki, digər dövlərlər bu barədə susur.
Bu gün Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları separatçı terrorçuların hazırlanması və narkobiznes mənbəyinə çevirmişdir.
  Əgər Ermənistan işğal etdiyi torpaqları boşaltmasa, Azərbaycan öz ərazisini azad edəcəkdir. Bunun üçün Azərbaycanın istənilən qədər qüvvəsi və vasitələri vardır. Əminik ki, bu məsələdə beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyəcəkdir. Çünki beynəlxalq hüquq normalarına görə Azərbaycan xalqının öz torpaqlarını işğalçıdan azad etmək üçün hər bir əsası vardır”.
Müdafiə naziri ilə tam razı olduğunu bildirən səfir Ç.Qotsyan demişdir: “Mən Çin Xalq Respublikası hökuməti adından bir daha bəyan edirəm ki, Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Çin heç vaxt separatizm və terrorizm məsələsində ikili mövqe tutmamışdır. O, Dağlıq Qarabağdakı qondarma separatçı qurumun legitimliyini tanıyır. Bu münasibət də ÇXR-ı ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın əsasını təşkil edən amillərdan biridir”.
Sonra səfir Ç.Qotsyan general-polkovnik S.Əbiyevi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətini qarşıdan gələn yeni il münasibətilə təbrik etmiş, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasını arzulamışdır.
General-polkovnik S.Əbiyev səmimi sözlər üçün səfirə təşəkkür etmiş və təəssüf hissi ilə bildirmişdir ki, bu gün də Cənubi Qafqaz regionunda baş verən münaqişələrə bəzi dövlətlər tərəfindən ikili münasibət bəslənilir. O, demişdir: “İki həqiqət olmur. Həqiqət birdir”.