Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı yeni hərbi attaşesi general-mayor Ümit Kalenderi qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq, onu təyinatı münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır. O, demişdir: “Azərbaycan Türkiyə ilə bütün sahələrdə olduğu kimi, hərbi sahədəki əməkdaşlığına da böyük əhəmiyyət verir. Çünki günü-gündən sıxlaşan bu əməkdaşlıq bir millətdən olan iki dövlətin strateji əməkdaşlığıdır”.
Səmimi sözlərə görə Müdafiə nazirinə təşəkkür edən general-mayor Ü.Kalender Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlunun və Quru Qoşunları komandanı ordu generalı Hilmi Özkökün salamlarını ona çatdırmışdır. O, qeyd etmişdir ki, Azərbaycana hərbi attaşe təyin edilməyimi mən xidmət həyatımın ən gözəl dövrü hesab edirəm və bundan şərəf duyuram. Bu dövr əsgəri həyatımın ən mənalı illəri olacaqdır. Çünki mən bu vəzifədə eyni zamanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinə xidmət edəcəyəm.
General-polkovnik S.Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı bu yaxınlarda vəfat etmiş hərbi attaşesi general-mayor Zəki Durlanıkın xatirəsini yad edərək, onun gördüyü mühüm işləri xatırlamış və ona Allahdan rəhmət diləmişdir. O demişdir: “İnanıram ki, siz də özünüzdən əvvəlki həmkarlarınızın işini uğurla davam etdirəcəksiniz. Bu istiqamətdə Müdafiə Nazirliyinin sizə verəcəyi dəstək ardıcıl və fasiləsiz olacaqdır”.
Sonra Müdafiə naziri qarşıda görüləcək işlərdən ətraflı söhbət açmış, bu il sentyabrın 11-də ABŞ-da törədilmiş terror hadisələrindən sonra dünyada yaranmış və hazırda Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişdir.