Noyabrın 5-dən 16-dək Bakı şəhərində “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlərin iştirakı ilə “Kooperativ Determineyşn – 2001” çoxmillətli, sülhməramlı kompüter komanda qərargah təlimləri keçiriləcək. Təlimlər 2001-ci il üçün nəzərdə tutulmuş illik tədbirlər planının bir hissəsidir.
Təlimlər NATO-nun Cənubi Avropada yerləşən Birləşmiş Qüvvələri Baş Komandanı (CINCSOUTH) tərəfindən planlaşdırılıb, Cənub-Şərq Birləşmiş Alt Bölgə (COMJCSOUTHEAST) və Təminatçı-komandan qismində Cənubi Avropada yerləşən Birləşmiş Hərbi Hava Qüvvələrinin Komandanları (COMAIRSOUTH) tərəfindən keçiriləcəkdir.
Təlimlərdə 9 NATO üzvü (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, İtaliya Respublikası, İspaniya, Macarıstan, Türkiyə, Fransa, Portuqaliya və Yunanıstan) və 10 tərəfdaş (Avstriya, Azərbaycan Respublikası, Bolqarıstan, keçmiş Yuqoslaviya respublikası Makedoniya, Rumıniya, Slovakiya, İsveçrə, Moldova, Qırğızıstan Respublikası və Gürcüstan) dövlətin Silahlı Qüvvələrinin, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri iştirak edəcəklər.
Təlimlərin məqsədi - böhranlar zamanı keçirilən əməliyyatlarda hərbi əməkdaşlığın gücləndirilməsidir. Tədbirdə NATO üzvü və tərəfdaş ölkələrin komandanları və şəxsi heyətləri çoxmillətli briqadanın qərargahını və mobil tibbi obyektlərini yaradacaqlar. Onlar çoxmillətli briqada səviyyəsində Sülhün Dəstəklənməsi və Humanitar Yardım edilməsi əməliyyatlarının tələbləri əsasında təlim keçirəcəklər. Çoxmillətli tibbi obyektlər yerli əhalinin tibbi yardım ehtiyacını təmin edəcək və bu faktiki olaraq təlimə reallıq verəcəkdir.