Noyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Filipp de Süyermeni (Fransa), Nikolay Qribkovu (Rusiya Federasiyası) və Rudolf Perinanı (ABŞ) qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra bildirmişdir ki, Azərbaycan Respublikasının ATƏT ilə əməkdaşlığı hərtərəfli xarakter daşıyır. Bu istiqamətlərdən biri də Ermənistan-Azərbaycan münaqişəsinin həlli problemidir. Azərbaycan ümid edirdi ki, üç böyük dövlətin həmsədrliyi ilə bu münaqişə öz həllini tapacaqdır. Təəssüflər olsun ki, hələlik böyük uğurlar haqqında danışmaq mümkün deyil.
Müdafiə naziri sonra Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə infrastrukurun tamamilə dağıdılıb məhv edildiyindən bəhs etmişdir. O, demişdir: “Bu bizim üçün sanki ikinci cəbhədir. Azərbaycan vətəndaşları çadırlarda dözülməz şəraitdə yaşayaraq ağır iztirablarla üzləşirlər.
Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev münaqişənin dinc yolla həll edilməsi istiqamətində ardıcıl mübarizə aparır. Biz onun bu siyasətini dəstəkləyərək, ATƏT-in prinsiplərinə riayət edilərək, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin ATƏT tərəfdən bu istiqamətdə qəti addımların atıldığını görmürük. Biz tələb və xahiş edirik ki, işğalçı Ermənistan Respublikasının qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılsın... Bundan da çox narahatıq ki, işğal olunmuş Azərbaycan əraziləri Ermənistanın silah-sursat anbarına çevrilmişdir”.
Sonra general-polkovnik S.Əbiyev münaqişənin həlli yollarına toxunaraq qeyd etmişdir ki, işğalçı Ermənistan öz cəzasızlığını görüb heç bir güzəştə getmək istəmir. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağda yerləşdirilmiş Silahlı Qüvvələr Ermənistana məxsusdur. Ermənistandan BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin yerinə yetirilməsini tələb etməyin vaxtı çatmışdır. Ermənistan daim silahlanaraq münaqişənin həllini uzadır, bununla da döyüş əməliyyatlarının yenidən başlanması üçün şərait yaradır.
Səfir Filipp de Süyermen bölgəyə sülhə nail olmaq niyyətilə gəldiklərini vurğulayaraq demişdir ki, bu situasiyanı qeyri-müəyyən vaxta qədər uzatmaq olmaz. Bu qədər qaçqın və köçkün belə əzablı şəraitdə uzun zaman yaşaya bilməz. Burada vəziyyət kövrək və təhlükəlidir. Münaqişənin sülh yolu ilə həllindən başqa məntiqli alternativi yoxdur. O, demişdir: “ABŞ-da törədilmiş 11 sentyabr faciəsindən sonra dünyada vəziyyət dəyişmişdir. Bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsini daha ciddi nəticələrə gətirib çıxara bilər. Dünya ictimaiyyəti bu münaqişənin həllinə böyük əhəmiyyət verir”.
Səfir N.Qribkov öz həmkarı ilə həmrəy olduğunu qeyd edərək söyləmişdir ki, biz Lissabonda məsləhətləşmələr keçirdikdən sonra bu regiona bu ilki üçüncü səfərimizi etmişik. Lissabonda maraqlı ideyalar və təkliflər hazırlamışıq. Hazırkı şəraitdə biz Azərbaycan xalqının çıxılmaz vəziyyətə düşdüyünü yaxşı anlayırıq. Ona görə də çalışırıq ki, Azərbaycanda və regionda sülh bərqərar olsun.
Səfir R.Perina antiterror əməliyyatında Azərbaycanın ABŞ ilə bir yerdə olduğunu yüksək qiymətləndirmiş, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə öz minnətdarlığını bildirmişdir. O demişdir: “Mənim hökumətim hesab edir ki, bu terror əməliyyatından sonra regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll edilməlidir. Çünki dünyada yeni bir tarixi era başlamış və biz bu yeni eranın keçid dövrünə qədəm qoymuşuq. Bu gün hamımız qlobal əməkdaşlığın şahidiyik. Yaranmış yeni imkanlardan istifadə etməsək, yeni münaqişələr başlaya bilər... Ermənistan-Azərbaycan münaqişəsinin həllində mübaribə yolunun perspektivi yoxdur. Münaqişənin qəti tənzimlənməsinin vaxtı çatıb və deməliyəm ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərindən çox asılıdır”.
General-polkovnik S.Əbiyev həmsədrləri diqqətlə dinlədikdən sonra demişdir: “Hesab edirəm ki, bu gün münaqişənin həllinin prinsiplərini bir daha elan etmək lazımdır. Ermənistan tərəfi başqa illüziyalarla yaşamasın. Çünki Ermənistan hesab edir ki, ATƏT öz prinsiplərini dəyişə, Dağlıq Qarabağa isə Ermənistana birləşmək, yaxud müstəqil olmaq şəraiti yaradıla bilər. Azərbaycan tərəfı bunun qəti əleyhinədir. Azərbaycan və Ermənistan prezidentlərinin tam razılığa gəlmək perspektivinə yanaşdıqda isə bunun kökündən yanlış bir fikir olduğunu görərik. Ermənistan tərəfinə, onun ATƏT-in prinsiplərini pozduğunu elan etmək və ondan bu prinsipləri qeyd-şərtsiz yerinə yetirməyi tələb etmək lazımdır. Məsələnin belə qoyuluşu münaqişənin həllini tezləşdirərdi”.
Müdafiə naziri fikrini davam etdirərək söyləmişdir ki, ABŞ-da törədilən terror aktından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev beynəlxalq terrorizmlə mübarizənin zəruriliyini bəyan etmişdir. Bu gün Azərbaycan Respublikası bu istiqamətdə Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Postsovet məkanında meydana gələn separatizm isə bu gün də beynəlxalq terrorizmlə əməkdaşlıq edir və bu “işbirliyi” getdikcə gücləndirilir. Buna Dağlıq Qarabağ ermənilərinin separatçılığı timsalında istənilən qədər misal göstərmək olar. Yəni Dağlıq Qarabağ separatçıları vasitəsilə beynəlxalq terroristlərə istənilən qədər silah satılmışdır... Bu gün təcavüzkara - təcavüzkar, separatçıya - separatçı demək lazımdır. Prezidentləri üz-üzə qoymaq lazım deyil. Çünki tərəflərdən biri işğalçıdır. Bu əvvəlcədən o biri tərəfi çıxılmaz vəziyyətdə qoymaq deməkdir...”
Müdafiə nazirinin dediklərinə münasibət bildirən səfir N.Qribkov qeyd etmişdir ki, son 12 ay ərzində münaqişənin həlli istiqamətində böyük tərəqqi əldə edilmişdir. Artıq münaqişənin həllinin konturları görünür. Hesab edirəm ki, bizim yeni təkliflərimiz cəlbedici olacaqdır. Azərbaycanın davakar və dovtələb çağırışlarından Ermənistan tərəfi xoflanır və onlarda sizə qarşı inamsızlıq yaranır.
Bu deyimə dərhal reaksiya verən general-polkovnik S.Əbiyev demişdir: “Oğru həmişə cəzalandırılacağından qorxar”.
Sonda general-polkovnik S.Əbiyev həmsədrlərə bu ağır və xeyirxah işlərində uğurlar arzulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ross Uilson, Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Şantal Puare iştirak etmişlər.