Noyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Avropadakı Cənub-Şərq Birləşmiş Qərargahının Komandanı ordu generalı Oktar Atamanı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı səmimi salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Türkiyə əlaqələri iki qardaş xalqın əlaqələridir, dünyada başqa iki belə xalq yoxdur ki, bu qədər sıx əlaqələri olsun.
Müdafiə naziri fikrini davam etdirərək demişdir: “Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra onun Türkiyə Respublikası ilə əlaqələri sürətlə inkişaf etməyə başlamışdır. Son on ildə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişaf edərək yüksək səviyyəyə çatmışdır. Deyərdim ki, bu gün Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda qərargah “Kooperativ Determineyşn - 2001” təlimlərinin keçirilməsi bu əlaqələrin məntiqi nəticəsidir”.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən ordu generalı O.Ataman bildirmişdir ki, mən 4 il bundan əvvəl Bakıya ilk dəfə gələrkən Azərbaycan-Türkiyə hərbi əlaqələri təzə-təzə inkişaf etməyə başlamışdır. Hazırda bu münasibətlər yeni mərhələyə daxil olmuş və yüksək səviyyədədir.
Ordu generalı O.Ataman sonra demişdir: “Bu gün mən Bakıya bir NATO nümayəndəsi olaraq, “Kooperativ Determineyşn – 2001” təlimlərinin rəhbəri kimi gəlmişəm. İftixar hissi ilə qeyd edirəm ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir və təlimlər olduqca gözəl hazırlanmışdır. Azərbaycan-NATO əlaqələrinin günü-gündən inkişaf etməsi Azərbaycan üçün çox faydalıdır. Bir NATO komandanı olaraq, Azərbaycan-NATO əlaqələrinin inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm. Azərbaycanın NATO ilə isti münasibətlər saxlaması gələcəkdə ölkəniz üçün çox faydalı olacaqdır.
Bu təlimlərdə iştirak edən Azərbaycan zabitlərinin topladığı təcrübə isə Azərbaycan-NATO münasibətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır”.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası 1994-cü ilin may ayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev 1996-cı ilin aprel ayında NATO-nun Baş Katibinə prezentasiya sənədlərini təqdim etdikdən sonra əməkdaşlığımız ardıcıl surətdə inkişaf etmişdir. Azərbaycan NATO ilə əlaqələrinin gücləndirilməsini diqqət mərkəzində saxlayır və oradakı nümayəndəliyimizi genişləndirmək istiqamətində həmişə iş aparırıq.
Sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan ictimai və hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişlər.
Görüşdə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi ataşesi general-moyor Zəki Durlanık iştirak etmişdir.