Noyabrın 8-də “Gülüstan” sarayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooperativ Determineyşn – 2001” təlimlərinin rəsmi açılış mərasimi olmuşdur.
Tədbirin əvvəlində iştirakçı ölkələrin dövlət himnləri səsləndirilmişdir.
Açılış mərasimində çıxış edən NATO-nun Avropadakı Cənub-Şərq Birləşmiş Qərargahının Komandanı ordu generalı Oktar Ataman, Azərbaycanın bu təlimləri yüksək səviyyədə hazırladığını bildirdi. Komandan NATO-nun bu təlimlərinin Azərbaycan Respublikası ilə Şimali Atlantika Alyansı arasında əməkdaşlığa müsbət təsir göstərəcəyini, gələcəkdə bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevin salamlarını təlim iştirakçılarına çatdırdı. Sonra Müdafiə naziri Azərbaycan-NATO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini söylədi. O, qeyd etmişdir ki, bu təlimlərin Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. O, çıxışının sonunda tədbir iştirakçılarına uğurlar arzulayaraq, onlara Azərbaycan xalqı və Bakı şəhərilə yaxından tanış olmağı tövsiyyə etmişdir.
Mərasim çoxmillətli komanda-qərargah təlimləri iştirakçı dövlətlərin Silahlı Qüvvələri nümayəndələrinin təntənəli marş keçidiylə başa çatmışdır.