Noyabrın 12-də Bakıda keçirilən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli, sülhməramlı komanda-qərargah “Kooperativ Determineyşn – 2001” təlimlərində mətbuat günü keçirilmişdir.
Tədbiri Avstriya Silahlı Qüvvələrinin nümayəndəsi mayor Gerhard Falzer açmış və jurnalistləri gündəliklə tanış etmişdir. Sonra sülhməramlı briqadanın komandiri Avstriya Silahlı Qüvvələrinin briqada generalı Edmond Entaçher kütləvi informasiya vasitələri nümayəndələrinə bu günə qədər təlimlərdə görülmüş işlər barəsində ətraflı məlumat vermişdir. O, çoxmillətli komanda-qərargah təlimlərinin iştirakçılarının peşəkar hazırlıq səviyyəsini yüksək qiymətləndirmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təlimlərin keçirilməsi üçün yaradılmış şəraitə və qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.
Sonra mətbuat nümayəndələri təlimlərin bilavasitə keçirildiyi bölmələrlə, iştirakçılar və təlim vasitələri ilə tanış olmuş, onları maraqlandıran suallara ətraflı cavab almışlar.
Həmin gün komanda-qərargah təlimləri iştirakçılarının bir qrupu media nümayəndələri ilə birlikdə Bilgəh qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onlara real tibb yardımı göstərilməsi üçün ABŞ, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya və Makedoniya nümayəndələrindən ibarət tibb məntəqəsi yaradılmışdır.
Təlimlər noyabrın 16-dək davam edəcəkdir.