Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azəbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik etmiş və onun səfirlik etdiyi müddətdə Azərbaycan-Pakistan əlaqələrinin yüksək mərhələyə qalxmasını arzulamışdır.
Sonra general-polkovnik S.Əbiyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin İslamabada rəsmi səfəri Azərbaycan-Pakistan münasibətlərinin genişlənməsində yeni mərhələ olmuşdur. O, demişdir: “2001-ci ildə Müdafiə Nazirliyi nümayəndə heyətinin Pakistana rəsmi səfəri iki dövlətin Silahlı Qüvvələri arasında əməkdaşlığın əsasını qoymuşdur”.
Qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən cənab Faiz Məhəmməd Xoso Azərbaycana səfir təyin edildiyindən məmnun olduğunu bildirmişdir. O, Pakistan-Azərbaycan hərbi əməkdaşlığına toxunaraq demişdir ki, sizin nümayəndə heyətinin İslamabada rəsmi səfəri Silahlı Qüvvələrimiz  arasında münasibətlərin güclənməsinə çox güclü təkan vermiş və bu səfərin nəticələri Pakistanda yüksək qiymətləndirilmişdir. O, demişdir: “Bu səfər ikitərəfli hərbi münasibətlər üçün möhkəm baza yaratmışdır. Pakistan Azərbaycanı özünə qardaş ölkə hesab edir və heç nəyini ondan əsirgəməyəcəkdir”.
General-polkovnik S.Əbiyev Pakistan İslam Respublikasının beynəlxalq aləmdə nüfuzunun yüksək olduğunu vurğulayaraq demişdir ki, Pakistan bütün beynəlxalq forumlarda Ermənistan-Azərbaycan münaqişəsindən söhbət getdikdə Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. “Biz çalışacayıq ki, bizim münasibətlərimiz dinamik şəkildə inkişaf etsin, bu münasibətlər həqiqi və real olsun”, – deyə Müdafiə naziri fikrini tamamlamışdır.