Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə sentyabrın 6-dan 8-dək Moskva şəhərində işgüzar səfərdə olmuşdur.
Sentyabrın 7-də general-polkovnik S.Əbiyev naməlum əsgərin məzarı önünə əklil qoymuşdur. Əklilqoyma mərasimində Azərbaycan Respublikasının dövlət himni ifa olunmuş, Fəxri Qarovul nümayəndə heyətinin önündən keçmişdir.
Həmin gün Rusiya Federasiyasının Müdafiə naziri S.İvanov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevi qəbul etmişdir. Müdafiə nazirlərinin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilmişdir.
Rusiya Federasiyasının Müdafiə naziri nümayandə heyətini salamlayaraq qeyd etmişdir ki, son iki ildə Rusiya-Azərbaycan münasibətləri, o cümlədən Müdafiə Nazirlikləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndə heyətinin indiki səfəri əlaqələrimizin inkişafında yeni mərhələ olacaqdır.
General-polkovnik S.Əbiyev səmimi qəbul üçün nazir S.İvanova təşəkkür edərək bildirmişdir ki, bugünkü görüşümüz hər iki dövlətin Silahlı Qüvvələri üçün qarşılıqlı əhəmiyyətə malikdir. O, demişdir: “Bu gün Azərbaycanın ən böyük problemi işğalçı Ermənistanın zəbt etdiyi torpaqların azad edilməsidir. Biz bu gün də təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında baş verən bütün konfliktlərin birincisidir və burada separatizmin əsasını qoymuşdur. Bu konfliktin tezliklə həlli, digər konfliktlərin də həllini tezləşdirər.
Biz inanırıq ki, Rusiya Federasiyası bu məsələnin həllində əlindən gələni əsirgəməyəcək. Problem sözsüz olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir. Müstəqil Dövlətlər Birliyinin üzvləri kimi bizim bir-birimizin qarşısında öhdəliklərimiz vardır. Lakin işğalçı Ermənistanın əməlləri bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə maneçilik törədir.
Azərbaycan tərəfi bu məsələni dönə-dönə MDB Müdafiə Nazirləri Şurasının iclaslarında qaldırmışdır.
  Qeyd edilməlidir ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqedə durmasının əsas səbəblərindən biri də onun Rusiya Federasiyasından 1 milyard dollarlıq qeyri-qanuni silahlar almasıdır və bu silahların geri qaytarılması haqqında aparılan danışıqların bu vaxta qədər nəticəsiz qalmasıdır”.
Sonra tərəflər Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə Nazirliklərinin əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Konkret olaraq, onlar ikitərəfli hava hücumundan müdafiə sahəsində komanda məntəqələri səviyyəsində informasiya mübadiləsi aparılmasının mümkünlüyü, Qəbələ RLS-nin statusu haqqında məsələnin həllinin yekun mərhələsində olduğu, hərbi texniki əməkdaşlığın genişləndirilməsinin (hərbi texnikanın istismarı, modernləşdirilməsi və s.) vacibliyi, elmi-tədqiqat və hərbi təhsil sistemi sahəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə müzakirələr aparmışlar.
Sonra KİV üçün mətbuat konfransı keçirilmiş, general-polkovnik S.Əbiyev və S.İvanov jurnalistlərin suallarına cavab vermişlər.
Səfər zamanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyini ziyarət etmişdir.
Keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramiz Rizayev iştirak etmişdir.
Nümayəndə heyəti sentyabrın 8-də Bakıya qayıtmışdır.