Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu avqustun 25-i və 26-da Bakıda rəsmi səfərdə olmuşdur.
Avqustun 25-də ordu generalı H.Kıvrıkoğlunu Binə hava limanında Müdafiə naziri general-polkovnik S.Əbiyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qədri Ecvet Tezcan və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün ordu generalı Hüseyn Kıvrıkoğlunu Müdafiə naziri general-polkovnik S.Əbiyev qəbul etmişdir. Müdafiə Nazirliyinin önündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri qarovulu düzülmüşdür. Müdafiə naziri qonağı qarşıladıqdan sonra Azərbaycan Respublikası və Türkiyə Respublikasının dövlət himnləri ifa olunmuşdur.
Qonaq Fəxri qarovulun önündən keçmişdir.
Təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev və ordu generalı H.Kıvrıkoğlu arasında görüş keçirilmişdir. Qısa bəyanatdan sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gələcək perspektivləri haqda geniş fikir mübadiləsi edilmişdir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev ordu generalı H.Kıvrıkoğlunu qəbul etmiş və Türkiyə ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində böyük xidmətlərinə görə ona “Azərbaycan Bayrağı” ordeni təqdim etmişdir.
Avqustun 25-də Azərbaycan Ali Hərbi Məktəbində yeni proqramla hazırlanmış məzunların ilk buraxılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı H.Kıvrıkoğlu və Azərbaycan Respublikasının Prezidenti H.Əliyev çıxış etmişlər. Sonra məzunlara diplomlar təqdim edilmişdir.
Avqustun 26-da ordu generalı H.Kıvrıkoğlu “Şəhidlər Xiyabanı”nda olmuş, müstəqilliyimiz uğrunda şəhid olmuş həmvətənlərimiz və Azərbaycan torpaqlarında canlarını fəda etmiş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoymuşdur.
Həmin gün ordu generalı H.Kıvrıkoğlu Ankaraya qayıtmışdır.
Tədbirlərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qədri Ecvet Tezcan iştirak etmişdir.