Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikası Xalq Azadlıq Ordusu Sinszyan Hərbi Dairəsi Qoşunlarının komandanı general-mayor Tsyu Yenxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra bildirmişdir ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını sıx dostluq əlaqələri bir-birinə bağlayır. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin bu istiqamətdə göstərdiyi səylər diqqətəlayiqdir. Ötən ilin iyun ayında ÇXR Ümümçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri cənab Li Penin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına və may ayında Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri bu baxımdan əhəmiyyətlidir. Bu səfərlər öz bəhrəsini vermiş, digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığımız inkişaf etməkdədir.
Səmimi qəbul üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür edən general-mayor Tsyu Yenxan bildirmişdir ki, Çin-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma və inam şəraitində hər iki dövlətin milli mənafeinə uyğun şəkildə davam etdirilir. Sonra o, beynəlxalq vəziyyət və Çin Xalq Respublikasındakı daxili vəziyyət barəsində fikir söyləmiş, Çinin sülhsevər dövlət olduğunu, onun bütün münaqişələrin dinc yolla həll olumasını istədiyini, dünyada bütün dövlətlərin bərabərhüquqlu olduğu prinsipini əsas götürdüyünü vurğulamışdır.
İkitərəfli Çin-Azərbaycan münasibətlərindən söhbət açan general-mayor Tsyu Yenxan qeyd etmişdir ki, regionda böyük rol oynayan Azərbaycan Respublikası Çin Xalq Respublikasına dost dövlətdir. O, bildirmişdir ki, son illər uğurlu dövlətlərarası münasibətlər fonunda Çin-Azərbaycan hərbi əməkdaşlığı da keyfiyyətli inkişaf yoluna çıxmışdır. Silahlı Qüvvələrimiz arasında ardıcıl mübadilə və təmas, hərbi əməkdaşlıqda böyük perspektivlərin olduğunu aşkar etmişdir.
General-mayor Tsyu Yenxan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurası sədrinin müavini, Dövlət Şurasının üzvü və Müdafiə naziri general-polkovnik Çi Xaotyanın salamlarını general-polkovnik S.Əbiyevə yetirmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəblərini və nəticələrini açıqlamış, Ermənistan dövlətinin yarandığı vaxtdan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyini, Dağlıq Qarabağı ilhaq etmək məqsədilə təcavüzə başladığını, etnik təmizləmə siyasəti yeridərək azərbaycanlıları öz ərazisindən, işğal etdiyi Dağlıq Qarabağdan və onun ətrafındakı yeddi rayondan zorla, silah gücünə çıxardığını və bu gün Ermənistanda bir nəfər də azərbaycanlının yaşamadığını qonaqların diqqətinə çatdırmışdır. O, demişdir: “Təəssüf olsun ki, bu günə qədər Ermənistan işğalçı dövlət kimi tanınmır. BMT-nin Təhlükəsizlik Şurası bu barədə 4 qətnamə qəbul etmişdir. Ermənistan bu qətnamələrin tələblərini yerinə yetirmir. Yaxşı olardı ki, Təhlükəsizlik Şurasında bu barədə məsələ qaldırılsın və Ermənistan təcavüzkar dövlət elan edilsin. Beynəlxalq ictimaiyyət məcbur etməlidir ki, işğalçı Ermənistan dövləti Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etsin. Biz bu mənada Çin Xalq Respublikasına BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi böyük ümid bəsləyirik".
Sonra general-polkovnik S.Əbiyev 2 dövlətin hərbi əməkdaşlıq üçün geniş imkanlara malik olduğu barədə söhbət açmış və təkliflərini söyləmişdir.
Sonda general-mayor Tsyu Yenxan demişdir ki, Çin Xalq Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. O Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsinə çalışacaqdır.
Görüşdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Can Qotsyan iştirak etmişdir.