İyulun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marqerita Kostanı qəbul etmişdir.
Müdafiə naziri səfiri salamlayaraq onu yeni təyinatı münasibətilə təbrik etmiş, Azərbaycan-İtaliya əlaqələrinin inkişaf edib möhkəmlənməsində uğurlar arzulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan-İtaliya hərbi əməkdaşlığının bu günkü səviyyəsi bizi təmin etmir. Bu sahədə çalışmalarımız davam etdirilir, yaxınlarda hərbi təhsil sahəsində əməkdaşlığımızın intensivləşəcəyi gözlənilir.
Qəbul üçün general-polkovnik S.Əbiyevə minnatdarlıq edən səfir M.Kosta iki dövlət arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zərurətindən danışmış, Ermənistan-Azərbaycan münaqişəsinin vəziyyəti ilə maraqlanmış, Cənubi Qafqaz regionundakı dövlətlərin iqtisadi əməkdaşlığının faydalı və bu məsələdə Azərbaycan Respublikasının öz imkanlarına görə aparıcı qüvvə ola biləcəyini xüsusilə qeyd etmişdir.
Görüş zamanı general-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyətə toxunmuş, Ermənistanın işğalçılıq siyasəti yeridərək, öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etdiyini vurğulamışdır. O, Ermənistanın bu siyasətinin perspektivsiz olduğunu xüsusi qeyd edərək bildirmişdir ki, bu münaqişənin həllində “ikili standart”ın olması onun tezliklə həllinə ziyan vurur. O, demişdir: “Hadisələrin gedişi Azərbaycanın xeyrinə işləyir. Biz nəyin bahasına olursa olsun, torpaqlarımızı azad edib respublikamızın ərazi bütövlüyünü bərpa edəcəyik”.
Sonra general-polkovnik S.Əbiyev səfir M.Kostanı maraqlandıran suallara cavab vermişdir.