İyulun 12-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrləri Keri Kavano (Amerika Birləşmiş Ştatları), Filipp de Süremeyn (Fransa Respublikası) və Nikolay Qribkovu (Rusiya Federasiyası) qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri bildirmişdir ki, siz Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş Şuşa, Xankəndi va Füzuli şəhərlərində olmuş, oradan Bakıya gəlmisiniz. Mürəkkəb Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda götərdiyiniz xoşməramlı fəaliyyətinizə görə sizə təşəkkür edirəm. İnanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində sizin həmsədrliyinizlə ədalət qələbə çalacaqdır.
Qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən cənab K.Kavano bildirmişdir ki, bizim regiona səfərimiz çox əhəmiyyətlidir. Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq lazımdır və bu məsələ yalnız sülh yolu ilə həll edilməlidir. Biz bu istiqamətdə prezidentlər Heydər Əliyev və Robert Koçaryanın cəsarətli addımlarını dəstəkləyirik. İnanırıq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri də öz səylərini sülhün qorunub saxlanılmasına yönəltmişdir. Bizim, üç dövlətimiz münaqişənin həllində yalnız sülh yolunu dəstəkləmiş və dəstəkləyir.
Səfir N.Qribkov qeyd etmişdir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Lyublyanada ABŞ prezidenti Corc Buş və Moskvada Fransa prezidenti Jak Şirakla münaqişənin həlli yollarını müzakirə etmişlər. Onlar bu yaxınlarda Genuya görüşündə də bu məsələni müzakirə etməyi planlaşdırırlar. Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq üçün əlverişli şərait yaranmışdır. Biz sülh danışıqlarını irəli aparmalı və məsələnin həllində sabitliyi pozan hər hansı amil yaxına buraxmamalıyıq.
Səfir F.Süremeyn həmkarlarının fikirlərini dəstəkləyərək qeyd etmişdir ki, hazırda vaxt hər iki tərəfin əleyhinə işləyir. Nə sülh, nə müharibə vəziyyəti sabitlik demək deyildir. Sülh nə qədər tez əldə edilərsə, bu hər iki dövlət üçün o qədər əlverişlidir. Məsələnin sülh yolu ilə həlli daha çox Azərbaycanın xeyrinə olardı. Çünki Azərbaycan güclü iqtisadi potensiala və digər imkanlara malikdir.
Həmsədrləri diqqətlə dinləyən general-polkovnik S.Əbiyev qeyd etmişdir ki, dediklərinizlə bəlkə də razılaşmaq lazımdır. Lakin bu mürəkkəb məsələdə ilk növbədə əsl həqiqəti görmək zaruridir. İş o yerə gəlib çatmışdır ki, işğalçı Ermənistan sülhdən danışır. O bununla öz təcavüzünün nəticələrini möhkəmləndirmək istəyir, qalib dövlət kimi Azərbaycana qarşı şərtlər irəli sürür. Lakin Azərbaycan bu şərtləri qəbul edə bilməz. Azərbaycanın bir milyondan artıq qaçqın düşmüş əhalisini bu gün Dağlıq Qarabağda qalan 30-40 min əhaliyə qurban vermək olmaz. Bu qeyri-realdır və mümkün deyil. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməlidir. Biz onun əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq.
Sonra general-polkovnik S.Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident H.Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olduğunu vurğlayaraq demişdir: “Xalq və Ordu Dağlıq Qarabağı Azərbaycan Respublikasından kənarda heç cür təsəvvür və qəbul etmir. Dağlıq Qarabağ problemi Qafqazdakı digər münaqişələrlə bağlıdır. Heç bir dövlət razı olmaz ki, Dağlıq Qarabağ ya müstəqil olsun, ya da Ermənistanın tərkibinə verilsin. Çünki bütün dövlətlər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü tanımışdır”.
Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində mövcud olan atəşkəs rejiminə toxunan Müdafıə naziri demişdir ki, Ermənistanda belə rəy yaradılır ki, guya onlar atəşkəs rejiminə riayət edirlər. Qətiyyən belə deyil. Ermənistan tərəfi atəşkəs rejimini tez-tez pozur və bu artıq sistem halını almışdır.
Müdafiə nazirinin sözlərinə cavab olaraq K.Kavano bildirmişdir ki, ABŞ, Fransa və Rusiya Federasiyası həqiqətən də Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. O, demişdir: “Biz sizin Silahlı Qüvvələrinizin respublikanın ərazi bütövlüyünü bərpa etməyə hazır olduğuna şübhə etmirik. Lakin heç bir hərbi əməliyyat münaqişənin bu yolla həllinə kömək edə bilməz. Dağlıq Qarabağ problemi döyüş meydanında yox, sülh yolu ilə həll edilməlidir”.
Atəşkəsin Ermənistan tərəfindən pozulmasına gəlincə, səfir K.Kavano bildirmişdir ki, bizə belə faktlar məlumdur və Yerevanda olarkən qəti bəyan etdik ki, Ermənistan atəşkəs rejiminə əməl etməlidr.
Səfir N.Qribkovun “atəşkəsin bundan sonra pozulmaması ilə bağlı hansı təklifləriniz var”, - sualına cavab verən general-polkovnik S.Əbiyev demişdir ki, atəşkəs pozulmasın deyə, üz-üzə dayanan qoşunlar hər iki tərəfdə öz sərhədləri daxilinə çəkilməlidir. Bundan əlavə Ermənistan həddindən artıq hərbiləşdirilmişdir. Onlar bu gün də silahlandırılırlar, bu uçotsuz silah-sursatın çox hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilir və bu fakt barəsində rusiyalı həmsədr daha çox məlumatlıdır. Nazir demişdir: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarını bu gün də davam etdirir. Bu yaxınlarda ermənilər “Naxçıvanın Ermənistana birləşdirilməsi cəmiyyəti” yaratmışlar. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri belə faktlara diqqət yetirməlidir”.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək demişdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin bu proses sonsuzluğa qədər davam edə bilməz. Ermənistandan tələb edilməlidr ki, o qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etsin. O, demişdir: “Azərbaycan torpaqlarında bu gün ərazisi 29 min kv.km. olan Ermənistan dövləti yaradılmışdır. Bu, Azərbaycanın Ermənistana tarixi güzəştidir. Azərbaycan bundan artıq güzəşt edə bilməz. Dağlıq Qarabağda bu güzəşt amili dayandırılmalıdır. Dünya ictimaiyyəti işğalçı Ermənistanı dəstəkləyə bilməz. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi cinayətlər bəşəriyyətə qarşı edilən cinayətdir”.
Səmimi qəbul üçün Müdafiə nazirinə bir daha təşəkkür edən K.Kavano qeyd etmişdir ki, Azərbaycan əraziləri işğal altındadır və düz qeyd etdiniz ki, dünya ictimaiyyəti işğalçını heç vaxt bağışlamayacaq. O, demişdir: “Belə bir qanun var: yüksəkliklər kimin nəzarətindədirsə, döyüşü də o udur. Sözün siyasi mənasında bu gün bu yüksəkliklər Azərbaycanın nəzarətindədir”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətin təntənəsi naminə Minsk qrupunun həmsədrlərinə bir daha uğurlar arzulamışdır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson iştirak etmişdir.