Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev iyunun 8-də NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində Brüssel şəhərində (Belçika Krallığı) keçirilən növbəti sessiyasında iştirak etmişdir.
Sessiyanın gündəliyində “Analiz və Planlaşdırma Prosesində Müdafiə Nazirləri üçün rəhbərlik” məsələsinin müzakirəsinə başlamaq üçün söz Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevə verilmişdir.
Müdafiə naziri Analiz və Planlaşdırma Prosesi sənədinin əhəmiyyətini qeyd edərək demişdir ki, Azərbaycan Respublikası Avro-Atlantik inteqrasiya yolu ilə inamla gedir, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak edir və Silahlı Qüvvələrdə ardıcıl surətdə NATO standartlarına uyğunlaşma həyata keçirilir.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək vurğulamışdır ki, hazırda Azərbaycan Respublikasının NATO ilə Tərəfdaşlıq Fərdi Proqramı xeyli genişlənmiş və çoxmillətli sülhyaratma təlimləri də daxil olmaqla birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, cari ilin noyabr ayında Azərbaycanda “Kooperativ Determineyşn 2001” çoxmillətli komanda-qərargah təlimləri keçiriləcək, 2003-cü ildə isə “Kooperativ Best Effort” çoxmillətli real səhra təlimlərinin keçirilməsi planlaşdırılır. O, demişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Analiz və Planlaşdırma Prosesinə qoşulması və öhdəmizə götürdüyümüz tərəfdaşlığın 27 məqsədinin həyata keçirilməsi üzrə müvəffəqiyətlə apardığımız fəaliyyət Azərbaycan Respublikasının Analiz və Planlaşdırma Prosesinə ciddi yanaşmasının təsdiqidir.
Hazırda sülhməramlı taqımımız sülhü qorumaq üzrə çoxmillətli KFOR qüvvələrinin tərkibində müvəffəqiyyətlə fəaliyyət göstərir”.
Daha sonra Müdafıə naziri Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikasının Avro-Atlantik strukturlara inteqrasiyası prosesində qarşılaşdığı problemlər barəsində sessiya iştirakçılarına ətraflı məlumat vermişdir.
O fikrini davam etdirərək demişdir: “Azərbaycanın Ümümavropa siyasi və iqtisadi inteqrasiya proseslərinə tam miqyaslı iştirakına Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi mane olur. Son vaxtlarda bu uzun sürən problemin həllinin axtarışı yollarında ATƏT-in Minsk qrupunun fəallaşması müşahidə edilir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin görüşləri və danışıqları keçirilir.
Azərbaycan xalqının tələbi ondan ibarətdir ki, bu problem beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunsun.
Qafqaz regionunda münaqişələrin tənzimlənməsi şübhəsiz ki, Qafqaz xalqları və dövlətlərinin əmin-amanlığına və çiçəklənməsinə səbəb olacaqdır”.
General-polkovnik S.Əbiyev işğalçı Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı törətdiyi cinayətlərin cəzasız qalmasına sessiya iştirakçılarının diqqətini cəlb edərək demişdir: “Lakin Ermənistanda fəal şəkildə silahların sayının artırılması və müştərək regional hərbi qruplaşmanın yaradılması prosesi davam edir. BMT-nin üzvü olan Azərbaycan Respublikası sərhədlərinin Ermənistan Respublikası tərəfindən pozulduğu, ərazisinin 20%-nin işğal olunduğu və orada böyük miqdarda uçotsuz silahların və texnikanın yerləşdirildiyi halda, guya bütün regionun təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olan Ermənistanın hansı sərhədlərinin təhlükəsiziiyindən söhbət gedə bilər?
Özü təcavüzkar, terrorçuluq və separatçılıq mənbəyi olan Ermənistana bu günkü gündə kim təhlükə törədir və belə bir ölkə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakısı ola bilərmi?”.
Sonda Müdafiə naziri Azərbaycan Respublikasının geostrateji əhəmiyyətindən danışaraq demişdir: “Strateji və coğrafi mövqe, təbii sərvətlərin zenginliyi və iqtisadi potensial Azərbaycan Respublikasına Şərqlə Qərb arasında mühüm əlaqələndirici körpü olmaq imkanını verir.
Bu baxımdan hesab edirəm ki, qeyd olunan bütün ağrılı problemlərə münasibətdə Avro-Atlantik Tərəfdaşlıq Şurası ölkələrinin fəal mövqeyi, onların mövcud olan təhlükələrin və risklərin aradan qaldırılması istəyi, şübhəsiz Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasına və vahid siyasi-iqtisadi Avroasiya məkanının tezliklə formalaşmasına imkan yaradacaqdır”.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev iyunun 10-da Vətənə qayıtmışdır.