Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiya Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat rəisi general-polkovnik Köksal Karabayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı səmimi salamladıqdan sonra qeyd etdi ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərtərəfli və sıx əməkdaşlığı günü-gündən inkişaf etdirilir. Bu münasibətlər ardıcıl surətdə və ara vermədən həyata keçirilir. Ordu rəhbərliyi səviyyəsində əlaqələrimiz genişlənir. Nümayəndə heyətlərinin səfərləri bir-birini əvəz edir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, bu il Azərbaycanda NATO-nun “Kooperativ Determineyşn - 2001” çoxmillətli komanda-qərargah təlimləri keçiriləcək və bu tədbirlərin hazırlanmasında Türkiyəli həmkarlarımız bizə yaxından kömək edirlər. Nazir vurğulamışdır ki, bizim əlaqələrimiz ordu quruculuğunun demək olar ki, bütün sahələrini əhatə edir.
General-polkovnik K.Karabay səmimi qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Kıvrıkoğlunun salamlarını general-polkovnik S.Əbiyevə yetirmiş və qeyd etmişdir ki, 5 il öncə Azərbaycanda olmuş və bu gün Azərbaycan Silahlı Qüvvələrində gördükləri o zamanla müqayisə edilməzdir. O, demişdir: “Azərbaycanın Silahlı Qüvvələri bu gün qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə və hər bir təcavüzü dəf etməyə hazırdır”.
General-polkovnik K.Karabay sonra demişdir ki, Azərbaycan-Türkiyə işbirliyi iki qardaşın bir-birinə yardımıdır və bu əməkdaşlıq durmadan davam edəcəkdir. Sonra o, Türkiyə-Azərbaycan əsgəri işbirliyinin daha da sürətlənməsi istiqamətində general-polkovnik S.Əbiyev ilə fikir mübadiləsi etmişdir.
General-polkovnik S.Əbiyev onunla həmrəy olduğunu vurğulayaraq demişdir ki, Azərbaycan Silahlı Qüvvələrində hərbi təhsil sisteminin yenidən qurulması ordunun zabit kadrları ilə komplektləşdirilməsini asanlaşdırmışdır, Silahlı Qüvvələrdə təhsil sisteminin təkmilləşdirilməsi Azərbaycan Ordusunun uğurlu gələcəyindən xəbər verir. O, demişdir: “Bu il avqustun 25-də yenidən qurulmuş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin ilk buraxılışı olacaqdır. Biz Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı  H.Kıvrıkoğlunu da bu tədbirdə  görmək  arzusundayıq”.
Daha sonra qonağı maraqlandıran suallara cavab verən general-polkovnik S.Əbiyev ordu quruculuğunun gələcək perspektivləri barəsində fikirlərini onunla bölüşmüşdür.  
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık  iştirak etmişdir.