Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyun 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu sədrinin müavini polkovnik Marek Dukaçevskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonağı salamlayan Müdafiə naziri Ermənistan Respublikasının Azərbaycana təcavüzü nəticəsində respublikada yaranmış daxili vəziyyət barəsində ona məlumat vermişdir. O, qeyd etmişdir ki, buna baxmayaraq Azərbaycan Respublikası öz müstəqillik yolu ilə gedir, dünya dövlətləri ilə əlaqələr yaradır, Avropa və dünya strukturlarına inteqrasiya işini davam etdirir.
Qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən polkovnik M.Dukaçevski Azərbaycana edilən bu səfərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir ki, Polşa Respublikasının təkcə bir NATO üzvü kimi yox, həmçinin müstəqil bir dövlət kimi öz problemləri vardır və bunları həll etməlidir. O, Polşa Silahlı Qüvvələri haqqında məlumat verərək bildirmişdir ki, biz NATO üzvü olaraq Silahlı Qüvvələrimizi yenidən qurmalıyıq.
Polkovnik M.Dukaçevşki Polşa Respublikasının xarici əlaqələrindən danışaraq qeyd etmişdir ki, Azərbaycan və Polşa prezidentlərinin bir-birinə çox gözəl münasibətləri vardır. O, demişdir: “Azərbaycan Qafqazda aparıcı dövlət kimi Polşanın strateji tərəfdaşıdır. Bizim xarici dövlətlərdə, o cümlədən Xorvatiyada, Bosniya  və Hersoqovinada, Kosovoda, Afrika qitəsində və digər ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edən 2000 nəfərdən çox hərbi qulluqçumuz vardır”.
General-polkovnik S.Əbiyev də Azərbaycan Silahlı Qüvvələri haqqında qonağa məlumat vermiş, onun yaradılması tarixinə toxunaraq  demişdir ki, bizim ordumuz erməni işğalçılarına qarşı döyüşə-döyüşə yaradılmışdır. O, Ermənistan-Azərbaycan münaqişəsindən danışaraq  bildirmişdir ki, 1828-ci ildə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisi hesabına yaradılan “Erməni vilayəti” sonradan havadarlarının dəstəyi ilə Ermənistan dövlətinə çevrilmiş və yarandığı gündən də Azərbaycana qarşı ərazi iddialarında olmuşdur. Daha sonra o qeyd etmişdir ki, keçmiş sovetlər birliyi dağılmağa başlayanda Emənistan Dağlıq Qarabağı ilhaq etməyə başladı. Bu da Emənistan-Azərbaycan müharibəsinə gətirib çıxartdı. Belə vəziyyətdə yaradılan Silahlı Qüvvələrimiz bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir.
Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonağın müxtəlif suallarını cavablandıran Müdafiə naziri demişdir: “Azərbaycan Qafqazda ərazisində xarici dövlətlərin qoşunları olmayan yeganə dövlətdir. Biz Ermənistan işğalının nəticələrini aradan qaldımaq istəyirik və bunu edəcəyik. Polşa Respublikası ilə hər cür əlaqə yaratmağa hazırıq. Polşa bizə dost dövlətdir. Hesab edirəm ki, Azərbaycan-Polşa hərbi əməkdaşlığı mütləq yaradılmalıdır”.
Görüşdə Polşa Respublikasının Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər vəkili cənab Stanislav Staviarski iştirak etmişdir.