Aprelin 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tetsuya Xirose, Rusiya Federasiyası və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Koki Araseni qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq təyinatları münasibətilə təbrik etdikdən sonra səfir Tetsuya Xirose qəbul üçün ona təşəkkür edərək demişdir ki, biz Cənubi Qafqazda Yaponiyanın maraqlarını təmsil edən yeganə şəxslərik. Yaponiya Cənubi Qafqazda siyasi münasibətlərin inkişafına böyük əhəmiyyət verir. O, qeyd etmişdir ki, dövlətlərimiz arasında münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin Tokioya rəsmi səfərindan sonra uğurla inkişaf etməyə başlamışdır. Yaponiya Azərbaycanın demokratik yolla inkişafına böyük hörmətlə yanaşır, çünki bu, regionda sülhün və əmin-amanlığın təminatına xidmət edir.
General-polkovnik S.Əbiyev səfirə və hərbi attaşeyə Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrinin yaradılması naminə uğurlar arzulamış və demişdir ki, Prezident H.Əliyevin Yaponiyaya rəsmi səfəri göstərir ki, Azərbaycan xalqı Yaponiya və Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir. O demişdir: “Azərbaycan Yaponiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Yaponiya dünyanın ən inkişaf etmiş, elmi-iqtisadi potensiyalı böyük olan dövlətlərindən biridir. O, bu baxımdan dünyanın bir çox böyük ölkələrini qabaqlayır”.
Sonra Müdafiə naziri fikrini inkişaf etdirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında hərbi attaşenin təyin edilməsi, Azərbaycanla Yaponiya arasında yeni bir sahədə də əməkdaşlığın başlandığını deyir. Nazir demişdir: “Yaponiyanın Silahlı Qüvvələri dünyanın ən qədim və qabaqcıl Silahlı Qüvvələrindəndir. Onun texniki təchizatının və hərbi-elmi potensialının güclü olması xüsusilə diqqətəlayiqdir. Biz bu istiqamətdə sizinlə bütün təmas nöqtələrində əməkdaşlıq etməyə hazırıq. Hesab edin ki, bu gün Azərbaycan Respbulikası və Yaponiya Silahlı Qüvvələri arasında əməkdaşlığın ilk təması oldu. Azərbaycanda hərbi attaşenin təyin olunmasını alqışlayıram”.
Sonra general-polkonik S.Əbiyev Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyəti təhlil etmiş və qonaqları maraqlandıran suallara cavab vermişdir.