Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş katibinin müavini, Müdafiə Planlaşdırma və Əməliyyatlar Departamentinin rəisi doktor Edqar Bakleyi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq onun bu səfərinin Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Cənab E.Bakley qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək demişdir ki, Qafqaz regionunda Azərbaycanın sülhün və əmin-amanlığın möhkəmlənməsi istiqamətində atdığı addımlar və NATO ilə əməkdaşlığını gücləndirməsi təqdirəlayiqdir. O qeyd etmişdir ki, Qafqaz NATO üçün strateji və siyasi əməkdaşlıq baxımından ən əhəmiyyətli regiondur. NATO region dövlətləri ilə, o cümlədən Azərbaycan Respublikası ilə əməkdaşlığın indiki səviyyəsindən razı qalmaqla bərabər, bundan sonrakı əməkdaşlığın ən vacib istiqamətlərini də müəyyənləşdirmək istəyindədir. O demişdir: “Biz perspektivi bunda görürük”.  
General-polkovnik S.Əbiyev qonağın bu məsələyə münasibətini bildirmək xahişinə cavab olaraq, əvvəlcə Qafqaz regionunda, o cümlədən Azərbaycanda son iki yüz ildə baş verən hadisələri təhlil etmiş və qədim Azərbaycan torpaqlarında çar Rusiyasının yaratdığı Ermənistan dövləti tərəfindən Azərbaycana edilən təcavüzün yaranma səbəblərini və onun nəticələrini açıqlamış, sonra isə demişdir: “Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan NATO ilə ən sıx əməkdaşlıq etmək niyyətindədir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın, Avropanın, o cümlədən NATO-nun təhlükəsizlik strukturlarına inteqrasiya etməyə başlamışdır. Çünki biz dünyəvi dövlət qururuq. Lakin bunun üçün biz ilk növbədə təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızı qaytarıb ərazi bütövlüyümüzü bərpa etməliyik”.
Nazir fikrini davam etdirərək demişdir ki, bu gün Ermənistan Respublikasının dövlət başçıları vaxtilə Dağlıq Qarabağda separatçılığa və terrorçuluğa rəhbərlik edən şəxslərdir, elə buna görə də onlar beynəlxalq ictimaiyyətin tələblərini saya salmır və Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə razılıq vermirlər. O demişdir: “Azərbaycan dövləti belə bir şəraitdə müstəqillik yolu ilə gedir, onu möhkəmləndirir və Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla həll etmək əzmindədir”. Sonra Müdafiə naziri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO münasibətlərinin təfərrüatını açıqlamışdır.
Doktor E.Bakley cavab olaraq demişdir: “Sizin müstəqillik uğrunda apardığınız mübarizə, keçdiyiniz yol və təcrübə dəhşətli olmuşdur. Azərbaycan dövlətinin və xalqının seçdiyi yol ən böyük hörmətə və rəğbətə layiqdir”.
Səmimilik şəraitində keçən görüşdə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri geniş müzakirə olunmuş və general-polkovnik S.Əbiyev doktor E.Bakleyin suallarına cavab vermişdir.