Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik Hurşit Tolonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq demişdir ki, Azərbaycan və Türkiyə əbədi qardaşdırlar. Bu günlərdə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən növbəti zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışları və görüşləri bunu bir daha təsdiq etdi. Strateji müttəfiq olan iki qardaş dövlət siyasi əməkdaşlıqda bir olduqları kimi, Bakı-Ceyhan boru xətti işə düşdükdən sonra iqtisadi əməkdaşlıq müstəvisində də bir olacaqlar.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə yaxından kömək etdiyini vurğulayan nazir bu əməkdaşlığın getdikcə möhkəmləndiyini qeyd etmişdir.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən qonaq gözəl ölkə, can dostu, ata yurdu Azərbaycana gəldiyindən məmnunluq duyduğunu bildirmişdir.
General-polkovnik H.Tolon Türk Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə planlı maddi-texniki yardımının gündən-günə gücləndiyindən razı qaldığını bildirərək bu səfərdə də bu sahədə yeni protokol imzalamağa gəldiyini bildirmişdir. O, bir neçə hərbi hissədə olaraq aldığı yüksək təəssüratı Azərbaycanın Müdafiə naziri ilə bölüşmüşdür. O demişdir: “Yüksək hazırlıqlı gənc əsgərləriniz var, ordunuzun gələcəyi daha böyük olacaqdır”.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrində komandir kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildiyini vurğulamışdır. Müdafiə naziri Silahlı Qüvvələrdə aparılan islahatlardan bəhs edərək qarşıda duran vəzifələr barəsində qonaqla fikir mübadiləsi etmiş və müdafiə sənayesi sahəsində görülən işlərdən danışmışdır.
Görüşün sonunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Baş Qərargahı arasında maddi-texniki təminatın tətbiqi haqqında” protokol imzalanmışdır.
Protokolu Türkiyə Respublikası tərəfindən Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik H.Tolon, Azərbaycan Respublikası tərəfindən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Maddi-Texniki Təminatı üzrə rəis əvəzi—Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsinin icraçısı polkovnik Qorxmaz Qarayev imzalamışlar.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık iştirak etmişdir.