Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Strategiya İdarəsinin rəisi general-leytenat Nüsrət Taşdələrin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki dövlət bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq sahəsində bir-birinə çox yaxınlaşmışlar. Lakin bu son hədd deyildir. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına indiki rəsmi səfəri bunu bir daha təsdiqləyir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən general-leytenant N.Taşdələr Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Kıvrıkoğlunun salamlarını ona çatdırmışdır. Qeyd emişdir ki, Azərbaycan Respublikasının prezidenti H.Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri hər iki dövlətin tarixində əlamətdar bir hadisədir. O, Türkiyə Böyük Millət Məclisindəki çıxışında hər iki xalqın qəlbindən keçən sözlər demişdir.
Sonra general-leytenant N.Taşdələr Türkiyə Respublikası və Azərbaycan Respublikasının hərbi əməkdaşlığının sürətli inkişafının nəticəsinin uğurlu olacağını qeyd etmişdir. O, ikitərəfli və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının yüksələn xəttlə inkişaf etdiyinin hər iki xalqın milli mənafeinə xidmət etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, hərbi əməkdaşlıq ilə paralel Türkiyə-Azərbaycan siyasi əməkdaşlığı da uğurla inkişaf edir. O, demişdir: "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməzsə, Cənubi Qafqazda sabitlikdən danışmağa dəyməz. Biz bir millət, iki dövlət olaraq bunun gərəkliliyini həyata keçirmək qeyrətindəyik".
General-leytenant N.Taşdələr ermənilərin qondarma "soyqırım"ı məsələsinin bəzi Avropa parlamentlərinin gündəminə gətirilməsinə toxunaraq demişdir ki, ermənilərin bu "soyqırım hekayəti" onların son illərdə Azərbaycan xalqının başına gətirdikləri zülmləri dünya ictimaiyyətinə unutdurmaq üçündür.
General-polkovnik S.Əbiyev qonağın dedikləri ilə razılaşaraq bildirmişdir: "Qafqaz elə bir məkandır ki, indi burada böyük dövlətlərin strateji maraqları toqquşur. Biz Türkiyə Respublikasını bu məkanda daha fəal görmək istəyirik. Əgər Türkiyə nəyə qadir olduğunu göstərsə, ermənilər bu "genosid" oyunlarına əl atmazlar. Bu gün Ermənistana açıq şəkildə onun öz yerini göstərmək lazımdır. Dünya bilməlidir ki, Ermənistan işğalçı dövlətdir".
Azərbaycanın Müdafiə naziri Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyəti təhlil edərək demişdir: "Azərbaycan bu gün Qafqazın mərkəzidir. Kim ki, bu gün burada öz strateji məqsədlərini Azərbaycanla əlbir həyata keçirmirsə səhv edir. Qafqazda əsasən Azərbaycanla birlikdə çalışmaq lazımdır. Çünki Azərbaycanın iqtisadi, siyasi və digər potensialı buna imkan yaradır".
General-polkovnik S.Əbiyev yenidən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına toxunaraq qeyd etmişdir ki, Türkiyə və Azərbaycan Ordusu bir millətin, iki ordusudur. "Biz bütün işlərimizi, düşmənlərə qarşı mübarizə planlarmızı bir qurmalı, bir də həyata keçirməliyik. Bu, aksiomadır" - deyə nazir vurğulamışdır.
Nazir fikrini yekunlaşdıraraq demişdir: "Azərbaycan və Türkiyə sıx əlaqədə olmalıdır. Çünki biz inanırıq ki, Türk dünyasının bir olacağı zaman uzaqda deyil".
Sonra tərəflər regional təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi etmiş, bir-birini maraqlandıran sullara cavab vermişlər.     
Sonda Azərbaycanın Müdafiə naziri onun salamlarını Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı H.Kıvrıkoğluna çatdırmağı general-leytenant N.Taşdələrdən xahiş etmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık iştirak etmişdir.