Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunları Maddi-Texniki Təminat Komandanlığının Təchizat-Ləvazimat komandanı general-mayor Həsən Dəyirmançıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev nümayəndə heyətini salamladıqdan sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni mərhələyə daxil olduğunu qeyd edərək demişdir ki, 1996-cı ilin iyununda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında" Saziş imzalandıqdan sonra Azərbaycanın müdafiə sənayesi planlı şəkildə inkişaf etmişdir. O, xüsusilə vurğulamışdır ki, qardaş Türkiyə dövlətinin dəstəyi ilə bu gün Azərbaycanın müdafiə sənayesi respublika Silahlı Qüvvələrinin maddi-texniki təminatını tələb edilən səviyyədə yerinə yetirmək gücünə malikdir.
Azərbaycanın Müdafiə naziri sonra demişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı H.Əliyevin Türkiyə Respublikasına hazırkı səfərindən sonra iki qardaş dövlətin hərbi sahədə əməkdaşlığı yeni vüsət alacaqdır.
General-mayor H.Dəyirmançıoğlu qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, Türkiyə-Azərbaycan ikitərəfli hərbi əməkdaşlığı hər iki dövlətin Silahlı Qüvvələri üçün qarşılıqlı faydalanmanın ən önəmli yollarından biridir və bu yol bundan sonra da ardıcıl şəkildə inkişaf etdiriləcəkdir.
Sonra tərəflər müdafiə sənayesinin inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Maddi-Texniki Təminatı üzrə rəis əvəzi — Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsinin icraçısı polkovnik Qorxmaz Qarayev iştirak etmişlər.