Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Mart 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Plan və Əməliyyat İdarəsinin rəisi general-leytenant Ethem Ərdağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev nümayəndə heyətini salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan və Türkiyə Respublikası Silahlı Qüvvələrinin əlaqələri ilbəil genişlənir. Biz hərbi əməkdaşlıq haqqında protokolları ən çox Türkiyə Respublikası ilə imzalayırıq.
Müdafiə naziri sonra demişdir ki, bu günlərdə Türkiyə Respublikasına rəsmi səfərdən qayıtmış Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu ilə görüşmüş və qərara alınmışdır ki, bundan sonra iki dövlətin Silahlı Qüvvələri arasından əlaqələr daha da sıxlaşmalıdır.
General-leytenant Ethem Ərdağ qeyd etmişdir ki, iki dövlətin Silahlı Qüvvələri arasında əlaqələrin genişlənməsinin gerçəkləşməsi üçün biz əlimizdən gələni edirik. Çünki Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq və səmimiyyət qarşılıqlıdır. Elə buna görə də artıq iki dövlətin Silahlı Qüvvələri arasındakı əməkdaşlıq sistem halına gətirilmişdir.
Genaral-polkovnik S.Əbiyev əlavə etmişdir ki, biz bu əzmi və iradəni, yardımı və köməyi həmişə hiss edirik. Biz ardıcıl surətdə əl-ələ işləməliyik ki, bu əməkdaşlıq digərlərinə də nümunə olsun.
Sonra tərəflər bir-birilərini maraqlandıran suallara cavab vermişlər.
Görüşün sonunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi əməkdaşlığın inkişafına dair protokol" imzalanmışdır. Protokolu Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Maddi-Texniki Təminatı üzrə rəis əvəzi — Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsinin icraçısı polkovnik Qorxmaz Qarayev, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən isə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Plan və Əməliyyat İdarəsinin rəisi general-leytenant Ethem Ərdağ imzalamışlar.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zəki Durlanık iştirak etmişdir.