Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Mart 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Avropa Komandanlığı Baş Komandanının müavini general Karlton U.Fulfordun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik Səfər Əbiyev qonağı salamladıqdan sonra Ermənistan-Azərbaycan münaqişəsinin mənşəyi barədə ona məlumat vermişdir. O, qeyd etmişdir ki, Ermənistan öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, nəticədə işğal olunmuş ərazilərdə düşmən Silahlı Qüvvələrinin nəzarətsiz qruplaşması yaradılmış və bu gün bu qüvvələrdən Azərbaycana təsir vasitəsi kimi istifadə etmək istəyirlər. Nazir sonra qeyd etmişdir ki, buna baxmayaraq, Azərbaycan müstəqillik yolu ilə gedir, Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya edir, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində NATO və Türkiyə Respublikası Silahlı Qüvvələri ilə ikitərəfli əməkdaşlığını günü-gündən genişləndirir.
General Karlton U.Fulford qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür etdikdən sonra bildirmişdir ki, o, Qafqaz regionuna ilk dəfə səfər edir, Gürcüstanda və Ermənistanda olarkən situasiya ilə müəyyən dərəcədə tanış olub, ABŞ Qafqaz regionunda yalnız sülh və əmin-amanlıq yaratmaq istəyir. O, demişdir: “Azərbaycan Qafqazda sülh yaratmaq üçün perspektivləri nədə görür?”
General-polkovnik S.Əbiyev qonağın bu sualına ətraflı cavab verərək bildirmişdir ki, Azərbaycan təcavüzə məruz qalan tərəfdir, Ermənistanla Azərbaycanı eyni şərtlər qarşısında qoymaq ədalətsizlikdir. Lakin  hadisələr baş verir, 907-ci düzəliş Azərbaycana yardımı qadağan edir, təcavüzkar Ermənistana və separatçı Dağlıq Qarabağa milyon dollarla yardım göstərilir. Nazir qeyd etmişdir ki, Azərbaycan NATO və ABŞ ilə əməkdaşlığa can atır, lakin müəyyən laqeydliklə qarşılaşır. O, demişdir: “Bu gün Qafqazda vəziyyət mürəkkəbdir. Birinci növbədə Ermənistan-Azərbaycan münaqişəsini həll etmək lazımdır. Bu istiqamətdə ABŞ-ın imkanları genişdir”.
Sonra general-polkovnik S.Əbiyev Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyəti geniş təhlil edərək söyləmişdir: "Qafqazda sabitliyi pozan birinci qüvvə təcavüzkar Ermənistan dövlətidir. Ərazisində xarici dövlətin bazalarını yerləşdirən, sərhədlərini başqa dövlətin əsgərləri qoruyan bir məmləkətə müstəqil dövlət demək olarmı?"
Azərbaycanın Müdafiə naziri fikrini davam etdirərək demişdir: "Nə üçün NATO-nun hərbi bazalarının Qafqazda yerləşdirilməsi haqqında fikirləşməməli? Bu, Qafqazda sülhü möhkəmləndirən əsas amillərdən biri olar və burada situasiyanı pozmağa cəhd edən dövlətləri sakitləşdirərdi. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçünsə heç bir variant istisna olunmamalıdır".
General K.U.Fulford Azərbaycanın Türkiyə Respublikası Silahlı Qüvvələri ilə əlaqələrini alqışlamışdır. O demişdir: "Türkiyə Respublikası NATO-nun ən güclü qüvvələrindən biridir. Onlara böyük rəğbətimiz vardır. Onlarla hər bir təmasınız sizin üçün xeyirli olar".
Sonra general K.U.Fulford NATO-nun Avropadakı rolundan danışmış, burada 19 üzv dövlətin bərabər hüquqa və səsə malik olduğunu vurğulamışdır. O, əlavə etmişdir ki, əlbəttə bu gün NATO bazalarının Qafqazda yerləşdirilməsi fikri cəlbedicidir və bu barədə fikirləşməyə dəyər.
General K.U.Fulfordun "Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli üçün Azərbaycan hansı şərtləri qəbul edərdi" sualına general-polkovnik S.Əbiyev belə cavab vermişdir: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz yurd-yuvalarına qayıtmalı və Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibində qalmalıdır".
General K.U.Fulford səmimi fikir mübadiləsi üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, ABŞ hərbçiləri Azərbaycanla dostluq münasibətləri yaratmaq istəyirlər və biz bunun üçün bütün vasitələrdən istifadə edəcəyik.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson iştirak etmişdir.