Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Merkurios Karafotiası və hərbi attaşesi Qiorqios Bardamaskosu qəbul etmişdir.
Müdafiə Naziri qonaqları salamlayıb yeni təyinatları ilə təbrik etdikdən sonra Yunanıstan-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf etdirilməsini arzulamışdır.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmiş, təcavüzkar Ermənistan Respublikasının Azərbaycan torpaqlarını işğalı məsələsinə toxunmuş və indiyədək bu problemin həll edilməməsindən narahatlığını ifadə etmişdir. O, demişdir: "Buna baxmayaraq Azərbaycan dövləti öz müstəqilliyini möhkəmlətmək yolu ilə gedir və buna nail olur. Silahlı Qüvvələrimiz müstəqilliyimizin qarantıdır. Avropa dövlətlərinin bu vaxtadək Ermənistan Respublikasını təcavüzkar elan etməməsi bizi təəccübləndirir".
Azərbaycanın Müdafiə naziri ilə görüşündən şərəf duyduğunu bildirən səfir M.Karafotias qeyd etmişdir ki, Yunanıstan bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etmək əzmindədir. O, demişdir: "Bizim Ermənistanla yaxşı münasibətlərimizin olmasına baxmayaraq, onlara həmişə deyirik ki, siz haqlı deyilsiniz. Biz həmişə Azərbaycanın mövqeyini və ərazi bütövlüyünün bərpa edilməsi prinsipini beynəlxalq miqyasda müdafiə etmişik və edirik". İkitərəfli Yunanıstan-Azərbaycan hərbi münasibətlərinin yaranması məsələsinə toxunan səfir M.Karafotias bildirmişdir ki, biz Azərbaycanın öz qonşu dövlətlərilə ənənəvi dostluq münasibətlərinə təsir etmək fikrində deyilik, biz Azərbaycana dost kimi gəlmişik.
 Bu məsələnin müzakirə mərhələsində olduğunu qeyd edən general-polkovnik S.Əbiyev demişdir: "Biz Yunanıstanın hərbi təhsil müəssisələrində Ermənistan Silahlı Qüvvələri mütəxəssislərinin hazırlanması və Yunanıstanın Ermənistan üçün sülhməramlı tabur hazırlayacağı xəbərini eşidəndə çox təəccübləndik. Çünki Ermənistan üçün yeni yaradılan hər hansı hərbi bölmənin müharibə başlasa, döyüş əməliyyatlarında iştirak etməsi istisna olunmur. Bir də ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən, təcavüzkar bir dövlət sülhməramlı fəaliyyətlə məşğul ola bilərmi? Bu, absurddur".
Səfir M.Karafotias nazirin bu sualına "Siz haqlısınız" cavabını vermişdir.
General-polkovnik S.Əbiyev sonra bildirmişdir ki, ikili standart nəhayətdə bu siyasəti yeridən hər hansı dövlətin əleyhinə çevrilir. Görüş qarşılıqlı anlaşma və səmimi şəraitdə keçmişdir.